Bakı, 27 yanvar, AZƏRTAC
Aktiv məşğulluq tədbirlərindən biri də peşə hazırlığıdır. 2025-ci ildə 18 mindən çox vətəndaşımız peşə hazırlığına cəlb edilib.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026- cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, həmin 18 min vətəndaşın 11 mini xanımlardır: "Hazırda əmək bazarında ən çox tələb olunan 175 prioritet peşə və ixtisas əsas götürülüb. Həmin peşələr agentliyin müxtəlif regionlarda fəaliyyət göstərən peşə hazırlıq mərkəzlərində tədris edilir. Həmçinin əməkdaşlıq etdiyimiz özəl müəssisələri də peşə hazırlığına cəlb edirik. Əməkdaşlıq etdiyimiz özəl müəssisələrin sayı hazırda 180-dir", - deyə İdarə Heyətinin sədri diqqətə çatdırıb.