Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin ailəsində baş vermiş dəhşətli hadisənin təfərrüatları məlum olub.
Pravda.az bildirir ki, Musavat.com-a daxil olan məlumata görə, yanvarın 26-da Abbas Əliyevin oğlu, 1990-cı il təvəllüdlü Emin Abbas oğlu Əlizadə ilə həyat yoldaşı arasında mübahisə yaranıb.
Mübahisə zamanı Emin Əlizadə bıçağa əl ataraq həyat yoldaşına çoxsaylı xəsarətlər yetirib. Hadisədən sonra E. Əlizadə yaşadığı binanın 16-cı mərtəbəsinə qalxaraq özünü oradan atıb. O, hadisə yerində dünyasını dəyişib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 25-də Xətai rayonu ərazisində Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Qeyd edək ki, Abbas Əliyev bir müddət Dövlət Gömrük Komitəsində çalışıb. O, uzun illər Nərimanov Rayon Məhkəməsinin hakimi olub. 1998-ci ildə Qəbələ Rayon Məhkəməsinin hakimi, daha sonra isə sədri təyin edilib.