İrandan Azərbaycana 88 kiloqram narkotik vasitə keçirən TIR sürücüsünə bəraət verilib.
Moderator.az xəbər verir ki, Lənkəran şəhər sakini, 1992-ci il təvəllüdlü Məmməd Ağayev (ad və soyad şərtidir) özünə məxsus DAF markalı yük maşını ilə beynəlxalq yükdaşıma həyata keçirməklə məşğul olub. O, bir müddət əvvəl İrana yük aparsa da, geri qayıdanda daşımaq üçün yük tapmayıb. M.Ağayev Lənkəranda olan Elman adlı digər TIR sürücüsü ilə əlaqə saxlayaraq, İrandan Azərbaycana sifarişlə yük daşımaq istədiyini bildirib. Elman ona Nəvid adlı İran vətəndaşının əlaqə nömrəsini verib. Bildirib ki, Nəvid İranda yükdaşıma sahəsində maklerlik edir. Məmməd Nəvidlə əlaqə saxlayıb və müştəri tapacağı təqdirdə ona 290 min rus rublu ödəyəcəyinə söz verib. Nəvid həmin məbləğlə razılaşıb və onu İranda anbarlardan birinə apararaq, orada Bakıya göndəriləcək bir maşın bibər yükü olduğunu deyib. Məmməd idarə etdiyi yük maşınını həmin anbara daxil edib və yük maşına yüklənilib.
Məmməd Azərbaycana qayıdarkən Dövlət Gömrük Komitəsinin Astara rayonu ərazisində yerləşən "Cənub-Astara" gömrük postunda saxlanılıb və yüklər yoxlanılıb. Yoxlama zamanı bibər yeşiklərinin arasında 154 bağlamadan ibarət ümumi çəkisi 87 kiloqram 930 qram olan narkotik vasitə olan marixuana aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb və iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə istintaqı zamanı məlum olub ki, təqsirləndirilən şəxs yükün içərisinə baxmayıb və orada nə olduğunu bilməyib. Araşdırmalardan sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə M.Ağayevin günahı sübuta yetirilmədiyindən ona bəraət verilib.