Bakı, 27 yanvar, AZƏRTAC
2025-ci il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 8 milyard 292,9 milyon manat (4 milyard 878,1 milyon dollar) vəsait daxil olub. Bu da 2024-cü illə müqayisədə 20,8 faiz azdır.
AZƏRTAC ARDNF-nin 2025-ci ilin yanvar-dekabr ayları üzrə gəlir və xərclərinə dair hesabatına istinadən xəbər verir ki, hesabat dövrü ərzində “Şahdəniz” yatağından daxil olan gəlirlər isə 27,6 faiz artaraq (qaz və kondensat) 958,8 milyon manat (564 milyon dollar) təşkil edib.
Qeyd edək ki, fond 2024-cü ildə AÇG yatağından 6 milyard 158,5 milyon dollar, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 442,085 milyon dollar gəlir əldə edilib.