175 prioritet peşənin sayında hər hansı dəyişiklik olub-olmaması ilə bağlı sualınıza cavab olaraq qeyd edirəm ki, əmək bazarında tələb olunan prioritet peşələr hər zaman öncül mövqeyini qoruyur. Əmək bazarı dinamik bir mühitdir, ona görə də bu peşələr bazarın tələbinə uyğun olaraq artırıla və daha uyğun peşələr prioritet peşələr sırasına əlavə oluna bilər.
QHT.az xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyində ötən ilin yekunları və 2026-cı il üçün hədəflərə dair mətbuat konfransında Agentliyin idarə heyətinin sədri Hasil Abbasov bildirib. Onun sözlərinə görə, süni intellektlə bağlı peşələr isə onsuz da mövcuddur. Bu peşə kurslarımız həyata keçirilir və tələbələr süni intellekt sahəsinə yönləndirilir:
"Bu gün Azərbaycanda, məsələn, süni intellekt mütəxəssisi vakansiyalarına tələbat yüksəkdir və gələcəkdə bu tələbat artacaq. Hətta İlon Mask qeyd edib ki, elektrik enerjisi təminatı güclü olan dövlətlər süni intellekt sahəsində uğurlu olacaqlar. Azərbaycan elektrik enerjisi sahəsində lider ölkələrdən biridir, bu da süni intellekt ixtisaslarına tələbin durmadan artacağını göstərir. Biz də həmin süni intellekt sahəsini peşə kurslarımıza daxil etmişik".
Əmək yarmarkalarına gəlincə sədr bildirib ki, burada bütün iştirakçıların avtomatik işlə təmin olunacağı düşünülmür. İşəgötürənlər vakansiyalarını sərgiləyir və real bazardakı tələblərlə təklif arasındakı fərqi görürlər. Bəzən elan edilmiş vakansiyalar üzrə bütün tələbləri yerinə yetirə biləcək potensial kadr az olur:
"Bu halda müəssisələr öz biznes və kommersiya maraqlarını təmin etmək üçün komplektləşmədə düzəlişlər edir. İşsiz və iş axtaran şəxslər isə yarmarkalarda maraqlandığı vakansiyalarla tanış olur. Əmək yarmarkaları həm işəgötürənlər, həm də iş axtaranlar üçün tanışlıq və uyğunlaşma platformasıdır".