AZ

Avropa Komissiyası silahları modernləşdirməsi üçün Polşaya 43,7 milyard avro ayıracaq

Bakı, 27 yanvar, AZƏRTAC

Avropa Komissiyası SAFE yenidən silahlanma proqramı çərçivəsində Polşaya 43,7 milyard avro ayrılmasını təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bu barədə məlumat verib.

“Avropa Komissiyası SAFE proqramı çərçivəsində vəsait ayrılması ilə bağlı Polşanın təqdim etdiyi sənədlərə müsbət rəy verib”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, ayrılan 43,7 milyard avro silahlı qüvvələrin, müdafiə sənayesinin və milli təhlükəsizlik xidmətinin modernləşdirilməsinə yönəldiləcək.

SAFE (Security Action for Europe) fondunun ümumi həcmi təxminən 150 milyard avrodur. Avropa Komissiyası bundan öncə də Belçika, Bolqarıstan, Macarıstan, Yunanıstan, İspaniya, İtaliya, Latviya, Litva, Slovakiya, Finlandiya, Fransa, Çexiya və Estoniyadan proqram çərçivəsində maliyyələşmə ilə bağlı müraciətlərin daxil olduğu barədə məlumat yaymışdı.

Qeyd edək ki, SAFE güzəştli kredit proqramı Polşanın Avropa İttifaqı Şurasına sədrliyi dövründə Varşavanın təşəbbüsü ilə yaradılıb.

Seçilən
3
2
azertag.az

3Mənbələr