AZ

Bakıda pərdəarxası diplomatiya: İsrail–Azərbaycan münasibətləri yeni mərhələyə keçir?

İsrailin xarici işlər naziri Gideon Saarın Bakıya səfəri Azərbaycan–İsrail münasibətlərinin inkişafında mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində aparılan görüşlər tərəflər arasında mövcud əməkdaşlığın strateji xarakter daşıdığını bir daha nümayiş etdirdi. Xüsusilə təhlükəsizlik, enerji və texnoloji sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı verilən mesajlar diqqət çəkdi. Bu səfər, həmçinin regional geosiyasi proseslər fonunda Bakının artan diplomatik çəkisini ortaya qoydu.

Maraqlıdır, İsrailin xarici işlər nazirinin Bakıya səfəri Azərbaycan–İsrail münasibətlərində konkret olaraq hansı yeni siyasi və strateji imkanların formalaşmasına zəmin yaradır?

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan və İsrail dost və tərəfdaş ölkələrdir:

“Siyasi münasibətlərimiz çox yüksək səviyyədə inkişaf edir. İsrail Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və 44 günlük Vətən müharibəsi dövründə də yanımızda olan dost ölkədir. Dövlət başçılarımız Davos səfəri çərçivəsində görüşərək iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri ilə bağlı müzakirələr aparıblar. Ölkələrimiz arasında əməkdaşlıq istiqamətləri genişdir və yeni potensial da böyükdür. Bu baxımdan İsrailin xarici işlər naziri Gideon Saarın Bakıya səfəri və səfər çərçivəsində keçirilən görüşlər ölkələrimiz arasında münasibətlərin inkişafına yeni impuls verəcək”.

Deputat vurğulayıb ki, Azərbaycanla İsrail arasında münasibətlərin inkişaf gündəliyi olduqca zəngindir:

“Əməkdaşlığımız iqtisadi-ticari, enerji, turizm, kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar, eləcə də süni intellekt və digər sahələri əhatə edir. Xarici işlər naziri Gideon Saarla birlikdə biznes strukturlarının nümayəndələri də ölkəmizə gəliblər. Bakıda keçiriləcək Azərbaycan–İsrail biznes forumunda yeni əməkdaşlıq imkanları müzakirə olunacaq və biznes strukturları arasında anlaşmalar əldə ediləcək. Bu da ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə yol açacaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
11
editor.az

1Mənbələr