
Gizli şəkər dedikdə, adətən acqarına qan şəkərinin normal olduğu, lakin tox qarına şəkər səviyyəsinin yüksəldiyi hallar nəzərdə tutulur. Bu səbəbdən bir çox insanda acqarına ölçülən göstəricilər normal çıxsa da, yeməkdən sonra şəkərin artdığı müşahidə olunur. Bəzən isə acqarına ölçmələr düzgün aparılmadığı üçün gizli şəkər aşkarlanmır. Normada acqarına qan şəkərinin yoxlanılması üçün 8–10 saatlıq aclıq kifayətdir. Lakin daha uzun müddət – 12, 14 və ya 16 saat ac qaldıqda, hətta axşam yeməyi buraxıldıqda belə, əslində gizli şəkər mövcud olsa da nəticələr normal çıxa bilər və bu da xəstəliyin gizli qalmasına səbəb olur.
Gizli şəkərin əlamətləri haqqında endokrinoloq Səlim Əsədov Missiya.Az-a danışıb.
"Gizli şəkər şübhəsi olan şəxslər yalnız acqarına şəkər göstəricilərinə əsasən qiymətləndirilməməlidir. Xəstənin şikayətləri, həyat tərzi, risk faktorları nəzərə alınmalı və ehtiyac olduqda əlavə laborator və instrumental müayinələr aparılmalıdır. Xalq arasında “şəkərə meyllilik” kimi tanınan bu vəziyyət tibbi olaraq prediabet, yəni diabetdən öncəki mərhələ adlanır",-endokrinoloq qeyd edib.
Səlim Əsədovun sözlərinə görə, ən vacib sual gizli şəkərin qarşısının alınıb-alınmamasıdır. Aparılan müşahidələr göstərir ki, həyat tərzinə ciddi diqqət edən şəxslərdə bu vəziyyəti normallaşdırmaq mümkündür. Hətta düzgün yanaşma ilə halların təxminən 70 faizində qan şəkəri tam normal səviyyəyə qaytarıla bilir. Burada əsas rol qidalanmaya aiddir. Sadə karbohidratların (şəkər, şirniyyatlar, ağ un məhsulları) azaldılması, əvəzində mürəkkəb karbohidratların, tərəvəzlərin və keyfiyyətli heyvan mənşəli qidaların artırılması tövsiyə olunur. Bununla yanaşı, kifayət qədər su qəbulu da vacibdir. Bu dəyişikliklər ümumi olaraq həyat tərzi dəyişikliyi adlanır.
"Qidalanmadan sonra ən önəmli amillərdən biri də fiziki aktivlikdir. Gündəlik hərəkətin artırılması, piyada yürüşlər, velosiped sürmək və ya sevilən idman növləri ilə məşğul olmaq qan şəkərinin tənzimlənməsində mühüm rol oynayır. Həftə ərzində ən azı 150 dəqiqə, ideal olaraq isə 300 dəqiqə fiziki aktivlik tövsiyə olunur. Başlanğıc üçün həftənin beş günü gündə 30 dəqiqə piyada gəzmək belə kifayətlidir. Gizli şəkərin normallaşmasında ən vacib göstəricilərdən biri də artıq çəkinin azaldılmasıdır. Artıq çəkini azaltmaqla halların böyük bir hissəsində gizli şəkər geriyə dönür və insan yenidən sağlam kateqoriyaya daxil olur. Nəticə olaraq, gizli şəkər geri dönə bilən bir mərhələdir və vaxtında görülən düzgün tədbirlərlə diabetin qarşısını almaq mümkündür",-S.Əsədov əlavə edib.İlahə Qənbərli
Missiya.Az