AZ

Gələcəyin şəhəri kiçilir: Səhrada reallıqla toqquşdu - FOTOLAR

Səudiyyə Ərəbistanının Neom layihəsi yenidən nəzərdən keçirilir.

Ölkə.Az "Financial Times"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın “gələcəyin şəhəri” kimi təqdim etdiyi flaqman "Neom" layihəsi əhəmiyyətli dərəcədə kiçilə və yenidən formatlana bilər.

Gecikmələr və büdcənin kəskin şəkildə aşılması ilə üzləşən layihənin yenidən qiymətləndirilməsinin 2025-ci ilin birinci rübünün sonuna və ya daha sonrakı tarixə qədər başa çatacağı gözlənilir.

Nəşrin mənbələrinə görə, vəliəhd şahzadə artıq "Neom"u əvvəl planlaşdırıldığı qədər iddialı görmür. "Financial Times" qeyd edir ki, bu yanaşma Ər-Riyadın ilkin konsepsiyanın, kommunikasiya strategiyasının və tikintinin ilk mərhələsinin ciddi çatışmazlıqlarını dolayısı ilə etiraf etməsi kimi qiymətləndirilir.

2017-ci ildə elan edilən "Neom" layihəsi Qırmızı dəniz sahilində - təxminən Belçika ölçüsündə bir ərazini əhatə etməli və xüsusi azad iqtisadi zonaya çevrilməli idi.

Sonrakı illərdə "Neom" çərçivəsində futuristik "The Line" şəhəri, 2029-cu il Asiya Qış Oyunlarına ev sahibliyi etməsi planlaşdırılan Trojena xizək kurortu, eləcə də sahilboyu logistika və sənaye zonalarının yaradılması elan olunmuşdu ("Oxagon").

Lakin yanvarın 24-də Səudiyyə Ərəbistanı Trojena layihəsinin miqyasının azaldılacağını və Qış Oyunlarına vaxtında ev sahibliyi edə bilməyəcəyini açıqlayıb. "The Line" layihəsinin tikintisinin də ciddi şəkildə ixtisar ediləcəyi bildirilir.

FT-nin mənbələri əlavə edir ki, ölkənin süni intellekt sahəsində qlobal liderlik ambisiyaları fonunda Neom gələcəkdə iri məlumat mərkəzləri və texnoloji infrastruktur üçün baza kimi formalaşdırıla bilər.

Seçilən
21
2
olke.az

3Mənbələr