AZ

Alimlər hormonal saç tökülməsinə qarşı təbii həll yolu tapıblar

Seconq Universitetinin (Cənubi Koreya) alimlərinin apardığı araşdırmaya görə, Koreya jenşenindən əldə edilən ginsenosid Rf birləşməsi hormonal mənşəli saç tökülməsinə qarşı qoruyucu təsirə malikdir.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Industrial Crops and Products (ICP) elmi jurnalında dərc olunub.

Ən geniş yayılmış saç tökülməsi növü olan androgenetik alopesiyadan əziyyət çəkən siçanlar üzərində aparılan təcrübələr zamanı ginsenosid Rf-in tətbiqinin, saç böyümə dövrü zəiflədiyi hallarda belə, saç artımını əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı müşahidə edilib. Təcrübə heyvanlarında saç follikullarının sayı və ölçüsü artıb, saç telləri isə qalınlaşıb. Toxuma analizləri saç follikullarının normal quruluşunun və funksional aktivliyinin bərpa olunduğunu göstərib.

Tədqiqatçılar maddənin təsir mexanizmini də müəyyən ediblər. Ginsenosid Rf saçların nazilməsi və tökülməsini stimullaşdıran androgen reseptorlarının aktivliyini azaldır. Bu birləşmə hüceyrələr daxilində həmin reseptorların parçalanmasını sürətləndirərək alopesiyaya səbəb olan hormonal siqnalları zəiflədir. Qeyd olunur ki, bu mexanizm saç tökülməsi ilə bağlı əvvəlki tədqiqatlarda təsvir edilməyib.

Müəlliflər bildirirlər ki, əldə edilən nəticələr hələlik kliniköncəsi model əsasında aparılıb və insanlar üzərində təsdiqlənməyib. Bununla belə, araşdırma ginsenosid Rf-in təbii tərkibli saç tökülməsinin qarşısını alan və saç dərisinin sağlamlığını qoruyan məhsulların hazırlanması üçün perspektivli əsas yaratdığını göstərir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
28
editor.az

1Mənbələr