Bakı, 27 yanvar, AZƏRTAC
İsrailin xarici işlər naziri Gideon Saarın Azərbaycana səfəri iki ölkə arasında uzun illər ərzində formalaşmış etibarlı tərəfdaşlığın məntiqi davamı olmaqla yanaşı, Cənubi Qafqaz və Yaxın Şərq regionlarında baş verən mürəkkəb geosiyasi proseslər fonunda xüsusi əhəmiyyət daşıyır. Bu səfər Azərbaycanın müstəqil, balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursunun uğurla davam etdirildiyini bir daha nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan–İsrail münasibətləri qarşılıqlı hörmət, daxili işlərə qarışmama və milli maraqlara əsaslanan əməkdaşlıq prinsipləri üzərində qurulub.
Siyasi dialoqun yüksək səviyyədə aparılması tərəflər arasında etimad mühitinin möhkəm olduğunu göstərir. Səfər çərçivəsində regional təhlükəsizlik, beynəlxalq sabitlik, terrorizm və transmilli təhdidlərə qarşı mübarizə məsələləri xüsusi diqqət mərkəzində olub. Tərəflərin bu sahədə mövqelərinin yaxınlığı əməkdaşlığın strateji xarakterini daha da gücləndirir.
İqtisadi əməkdaşlıq səfərin əsas gündəm mövzularından biri olub. Enerji sahəsində tərəfdaşlıq Azərbaycan–İsrail münasibətlərinin əsas sütunlarından biri olaraq qalır. Azərbaycan İsrailin əsas neft tədarükçülərindən biri olmaqla yanaşı, enerji təhlükəsizliyinin təminində etibarlı tərəfdaş kimi çıxış edir. Qlobal enerji bazarlarında qeyri-sabitliyin artdığı bir dövrdə bu əməkdaşlıq xüsusi aktuallıq kəsb edir. Bununla yanaşı, yüksək texnologiyalar, innovasiya, rəqəmsal həllər, kibertəhlükəsizlik, müdafiə sənayesi, kənd təsərrüfatı və su ehtiyatlarının səmərəli idarə olunması sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. İsrailin startap ekosistemi və elmi-tədqiqat potensialı Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi və rəqabət qabiliyyətinin artırılması strategiyası ilə uzlaşır. Bu kontekstdə birgə layihələrin reallaşdırılması tərəflər üçün qarşılıqlı fayda yaradır.
Səfər, eyni zamanda, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma prosesləri baxımından da xüsusi əhəmiyyət daşıyır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, alternativ enerji mənbələrinin inkişafı, müasir suvarma sistemlərinin qurulması sahələrində İsrail təcrübəsi praktiki baxımdan böyük maraq doğurur. Bu istiqamətdə İsrail şirkətlərinin layihələrdə iştirakı real perspektiv kimi dəyərləndirilir.
Regional müstəvidə İsrail xarici işlər nazirinin Bakı səfəri müxtəlif ölkələr tərəfindən diqqətlə izlənilir. Azərbaycan–İsrail əlaqələrinin inkişafı regionda yeni əməkdaşlıq konfiqurasiyaları formalaşdırır. Bu proseslər üçtərəfli və çoxtərəfli iqtisadi və siyasi əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Eyni zamanda, bəzi region ölkələri bu yaxınlaşmaya ehtiyatlı yanaşsa da, Azərbaycan öz milli maraqlarına əsaslanan müstəqil xarici siyasət kursunu ardıcıl şəkildə davam etdirir. Bakı regional və qlobal aktorlarla münasibətlərdə balansı qoruyaraq, qarşıdurmadan deyil, əməkdaşlıqdan çıxış edən mövqe sərgiləyir.
Ümumilikdə, İsrail xarici işlər nazirinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin dərinləşdirilməsi ilə yanaşı, Azərbaycanın regionda artan siyasi və iqtisadi rolunu bir daha ön plana çıxarır. Bu səfər Azərbaycanın etibarlı tərəfdaş, dialoq platforması və regional sabitliyə töhfə verən mühüm aktor kimi mövqeyini daha da gücləndirir və Bakı–Təl-Əviv əməkdaşlığının uzunmüddətli perspektivlərini təsdiqləyir.