Paris, 27 yanvar, AZƏRTAC
Fransa Milli Assambleyası 15 yaşdan kiçiklərin sosial şəbəkələrə çıxışını qadağan edən qanun layihəsini ilk oxunuşda qəbul edib. Hökumət tərəfindən dəstəklənən təşəbbüs yeniyetmələrin psixi və fiziki sağlamlığının qorunması məqsədi daşıyır. Prezident Emmanuel Makron X platformasında bu qərarı əhəmiyyətli bir mərhələ kimi qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, qəbul edilən təklifə əsasən, onlayn sosial şəbəkə xidmətlərinə giriş 15 yaşdan aşağı uşaqlar üçün qadağan olunur. Təhsil platformaları və WhatsApp kimi şəxsi mesajlaşma tətbiqləri isə istisnadır. Qanun layihəsi 116 səs lehinə, 23 səs əleyhinə olmaqla qəbul edilib.
Qanun layihəsinin ikinci maddəsi əvvəlcə liseylərdə mobil telefonların tam qadağan edilməsini nəzərdə tutsa da, deputatlar tərəfindən yenidən işlənib. Yeni redaksiyaya görə, liseylərin daxili qaydaları telefonlardan istifadənin yerlərini və şərtlərini müəyyən edəcək. Əks halda, telefonlardan dərs zamanı və dəhlizlərdə istifadə qadağan ediləcək, yalnız məktəb həyətində xüsusi ayrılmış zonada icazə veriləcək.
Hökumət sənəd üzrə sürətləndirilmiş prosedur tətbiq edib. Rəqəmsal məsələlər naziri Ann Lö Henanff qanun layihəsinin yaxın həftələrdə Senatın müzakirəsinə çıxarılacağını bildirib. Qanun qəbul edilərsə, Fransa Avstraliyadan sonra azyaşlılar üçün sosial şəbəkələrə sərt məhdudiyyət tətbiq edən ikinci ölkə olacaq.
Layihənin əsas çətinliyi onun Avropa İttifaqının rəqəmsal xidmətlər haqqında qaydalarına (DSA) uyğunlaşdırılmasıdır. Hökumət qanunun praktikada tətbiq oluna bilməsi üçün Avropa hüququ ilə ziddiyyət risklərini minimuma endirməyə çalışır.