"Kəpəz"in yeni transferi Rəhman Hacıyev "Report"a müsahibə verib. 32 yaşlı yarımmüdafiəçi Gəncə komandasının durumu və hədəflərdən danışıb. Təcrübəli futbolçu karyerasının 10 ilini həsr etdiyi sabiq klubu "Neftçi" və qarşıdakı planları barədə sualları da cavablandırıb.
- "Kəpəz"ə transferiniz necə baş tutdu?
- Təklif gəldi, mən də məmnuniyyətlə qəbul etdim. "Kəpəz" mənim üçün doğma klub sayılır. Çünki tovuzluyam, Gəncədə qohumlarım da yaşayıb. Ona görə Gəncəni və insanlarını çox yaxşı tanıyıram. Həmçinin azarkeşlərin futbolçulara dəstəyinin, motivasiyasının necə olduğunu da yaxşı anlayıram. "Kəpəz"də oynamaq mənim üçün çox xoşdur. İlk oyunumda qələbə qazandıq. Komandamı təbrik edirəm. Buna görə sevinirəm və özümü çox yaxşı hiss edirəm.
- "Kəpəz"dən başqa təkliflər var idi?
- Var idi, amma "Kəpəz"i seçdim. Çünki ürəyim bu komandanı istədi.
- "Kəpəz"in hazırkı vəziyyəti və turnir cədvəlindəki mövqeyi hamıya məlumdur, komandanın aşağı liqaya düşmək təhlükəsi var. Bu, sizi narahat etmir?
- Xeyr, narahat etmir. Çünki komandaya, özümə, baş məşqçiyə inanır və güvənirəm. Aşağı liqaya düşməyi fikirləşmirik. Əksinə, daha yuxarılara qalxmaq istəyirik. Pillə-pillə yüksəlmək niyyətindəyik. Qarşıda kubok matçımız var. Çox gözəl kollektiv formalaşıb. İnanıram ki, daha yaxşı nailiyyətlər əldə edəcəyik.
- Baş məşqçi ilə söhbətiniz olub? Sizi meydanda hansı mövqedə görmək istəyir?
- Əlbəttə, söhbətimiz olub. Azər Bağırov məni tanıyır, necə xarakterli futbolçu olduğumu çox yaxşı bilir. Vinger kimi və ya mərkəzdə oynamağı bacardığımı bilir. Ona görə də nə qərar versə, meydana çıxıb əlimdən gələni edəcəyəm.
- Uyğunlaşma prosesi necə gedir? Heyətdə əvvəllər birgə oynadığınız futbolçular var?
- Məqsəd İsayevlə birlikdə oynamışıq. Uşaqların əksəriyyətini tanıyıram. Elcan Əbilov da "Neftçi"dən gəlib. Uyğunlaşma prosesi ilə bağlı heç bir problem yoxdur. Həqiqətən kollektiv çox xoşuma gəldi.
- "Kəpəz"də debüt matçınız "Qarabağ"a qarşı oldu və qələbə qazandınız. Oyunla bağlı təəssüratlarınız necədir?
- "Qarabağ"ın qarşıda "Liverpul"la oyunu var. Mərhələ adlamaq üçün çox gözəl şans əldə ediblər. Bu səbəbdən əsas heyət üzvlərinin əksəriyyəti ilk dəqiqələrdən oynamadılar. Buna baxmayaraq, qələbə qazanacağımızı hiss edirdik. Komanda şəklində çox yaxşı oynadıq. Vurduğumuz qollardan əlavə, xeyli sayda imkanımız da oldu. Təbii ki, "Qarabağ" da qol vəziyyətləri yaratdı. Kompakt oynadığımıza görə səfərdən 3 xalla döndük. Daha yaxşı işlər görə bilərik.
- Bu mövsüm qarşıya qoyulan əsas hədəf nədir və ona çatmaq üçün komandanın potensialı var?
- Hədəfimiz ancaq çempionatda qalmaq deyil. Yəni aşağı düşməyi deyil, yuxarı qalxmağı və daha yaxşı nəticələr qazanmağı düşünürük.
- Gəncəli azarkeşlərə mesajınız nədir?
- Gəncəli azarkeşləri çox yaxşı tanıyıram. Nəticə tələb edirlər. Futboldur, bu gün nəticə pis və ya yaxşı ola bilər. Amma qələbə qazana biləcəyin oyunda uduzursansa, bu, üzücü haldır. Azarkeşlər sağ olsunlar, dəstək göstərirlər. "Kəpəz"də oynamağımı çox istədiklərini deyənlər də olub. Onların etimadını doğrultmaq üçün əlimdən gələni artıqlaması ilə edəcəyəm. İnanıram ki, azarkeşlərin də dəstəyi ilə birlikdə gözəl nailiyyətlər əldə edəcəyik.
- Azərbaycan I Liqasının iddialı klublarından olan "Səbail"i tərk etməyinizin səbəbi də yəqin ki, Premyer Liqada oynamaq istəyinizdir…
- Ümumiyyətlə, "Səbail"lə bağlı heç nə danışmaq istəmirəm. Bir qədər uzun və qarışıq məsələdir.
- "Səbail" və "Neftçi"dəki çıxışınızı müqayisə edə bilərsiniz? Yəqin ki, "Neftçi"də özünüzü daha rahat hiss edirdiniz.
- Təbii ki, belədir. On il "Neftçi"nin futbolçusu olmuşam. Hətta bu komandadan ayrılanda bir ay çox pis oldum. Müqaviləm var idi, amma elə alındı ki, ayrılmaq məcburiyyətində qaldım və bu mənə çox pis təsir etdi. Çünki komandanın uğursuzluğu təkcə mənim günahım deyildi. "Neftçi"dən xeyli sayda futbolçu getdi. Amma bu gün yenə nəticə yoxdur. "Kəpəz"lə yaxşı büdcəsi olan "Qarabağ"a qalib gəldik. Kollektiv güclü olmalıdır. Komanda şəklində vuruşmalısan. Məni tanıyanlar bilir ki, heç vaxt karyeramda pulu düşünməmişəm. Xüsusən də "Neftçi"də oynayanda. Başqa klublardan ikiqat, üçqat maaş müqabilində təkliflərim olub. Amma pula görə klubu buraxıb heç yerə getməmişəm. "Neftçi" müqavilə təklif edəndə, demişəm ki "nə istəyirsizniz yazın". Futboçu kimi oynamağımı bir kənara qoyuram. Mən "Neftçi"nin fanatı olmuşam. Karyeramın 10 ilini bu kluba həsr etmişəm. Yaxşı və pis günlərimiz olub. Hətta bir ara futboldan küsmüşdüm, karyeramı bitirmək istəyirdim. Sonra düşündüm ki, hələ bir müddət də oynaya bilərəm. 16 yaşımda Azərbaycan çempionu olmuşam və həmin vaxtdan bəri Premyer Liqada oynayıram. Sonra özümü toparlamağa başaldım və davam etmək lazım olduğunu düşündüm. Sağ olsunlar, dəstək göstərdilər, oynamalı olduğumu dedilər. Bundan sonra rahat 3-4 il oynaya bilərəm.
- Sizcə, "Neftçi"nin problemi nədir? Baş məşqçi dəyişikliyi uğur gətirə bilər?
- Əlbəttə, baş məşqçidən çox şey asılıdır. Çünki komandanı quran, intizam tələb edən odur. Ondan çox şey asılıdır. "Neftçi"nin yaxşı futbolçuları var, komandaya uğurlar arzulayıram. Bu kluba hörmətim var, amma meydanda rəqibdir.
- Növbəti turlarda "Neftçi" ilə qarşılaşacaqsınız. Meydana hansı hisslərlə çıxacaqsınız? Qol vursanız, xüsusi formada qeyd edəcəksiniz?
- Təbii ki, qol vursam, sevinəcəyəm. Çünki "Kəpəz"in formasını geyinirəm, şərəfini qoruyuram. Qələbə qazansaq, çox sevinərəm. Bunu başqa yerə yozmayaq. Əvvəllər də "Neftçi"yə qarşı oynamışam, qol vurmuşam, sevinmişəm də. Futboldur, bu gün buradayıq, sabah başqa yerdə. Amma iki cür sevinmək var - acığa və ya qələbəyə görə. Mən heç vaxt acığa deyil, yalnız komandanın qələbə qazanmasına görə sevinərəm. Kinli insan deyiləm. Bunun üçün bir səbəb də yoxdur.
- Şəxsi hədəfləriniz nədir? Milliyə yenidən dəvət almaq üçün "Kəpəz"i tramplin hesab edirsiniz?
- Əlbəttə, mən bura oynamağa gəlmişəm. Hədəfim yenidən milliyə dəvət almaqdır. Baxmayaraq ki, artıq 32 yaşım var. Yığmada oynaya bilərəm, buna gücüm var. Hər şey özümdən asılıdır.
- Karyeranızı bitirdikdən sonra məşqçilik etməyi düşünürsünüz?
- Ən azı 3-4 il oynamağı düşünürəm. Daha sonra məşqçilik etmək niyyətindəyəm. Ancaq karyeramı bitiridikdən sonra 1 il ərzində heç nə etməyəcəyəm. Çünki bəzi planlarım var. Sonra yenidən futbola qayıdacağam. Təhsil alacağam və gələcəkdə daha yaxşı məşqçi olmaq üçün çalışacağam.