AZ

"İran hökuməti şəffaf istintaq aparmadı"

"İran

Bu gün Azərbaycanın İranın İslam Respublikasının paytaxtı Tehran şəhərindəki səfirliyinə terror hücumunun üçüncü ildönümüdür. 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində səfirliyimizə öncədən planlaşdırılmış və məqsədli şəkildə terror hücumu oldu. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu maneəsiz keçərək mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirdi. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralandılar.

Hadisə ilə bağlı politoloq Bakir Həsənbəyli deyib ki, Tehrandakı səfirliyimizə silahlı hücum Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş məqsədli terror aktı idi. Terrorçu 30-40 dəqiqə ərzində tərk-silah edilmədi, polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-getdilər amma onlar terrorçuya iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər:

"Terrorçunu əliyalın tərk-silah etmiş mühafizə işçilərindən birinin cəsarəti ola bilsin ki, onlarla azərbaycanlının həyatını xilas etdi. Çünki diplomatlarımzın ailələri, o cümlədən uşaqları o binada yaşayırdılar. Azərbaycan səfirliyinə qarşı terror aktı ilə bağlı dövlətimiz dərhal və şəffaf istintaqın aparılmasını tələb etdi. Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İrandakı məlum çevrələrdən biri tərəfindən göndərildiyinin sübutu idi.

Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış addım idi. İran hökuməti şəffaf istintaq aparmadı. İran rəsmiləri hadisə ilə bağlı bəyanatlarında hücumun siyasi motivli olduğuna dair əlamətin olmadığını qeyd edərək onun məişət zəminində baş verdiyinin iddia etdilər.

Terror hücumu ilə əlaqədar Azərbaycan tərəfində lazımi qədər tutarlı sübutların olmasına rəğmən İran tərəfi mövqeyində israr etdi. Əslində Tehran hakimiyyəti bu məsələdə siyasi maraq güdürdü. Azərbaycan səfirliyinə hücumun arxasında İrandakı hakim rejimin dayandığı sübhəsizdir.

Səfirliyə hücumu rejim istəməsəydi baş verməzdi. Bu hadisə İranın rəsmi Bakıya qarşı düşmən münasibətini səciyyələndirən hadisə kimi tarixə düşdü. Təkrar edirəm İran hakimiyyətinin xəbəri olmadan bu hadisə baş verə bilməzdi. Həmin dönəmlərdə İran mətbuatında davamlı olaraq Azərbaycan əleyhinə kampaniya aparılırdı. Hücum edən şəxs polis köşkündə oturan İranın polis əməkdaşına əl yelləyərək binaya daxil olur.

Tehran rejimi səfirliyin təhlükəsizliyini təmin etməyə borclu idi. Səfirliyə terror hücumuna Tehran hakimiyyətinin laqeyd yanaşması İrandakı diplomatik missiyaların təhlükəsizliyinin həmişə təhdid altında olduğunu təsdiqləyir. İran istənilən ölkəyə qarşı nifrətini səfirliklərə hücumla hər an “göstərə” bilər. Bu vəziyyət İranda 47 il əvvəl ABŞ-nin səfirliyinə hücum ənənəsindən qaynaqlanır".

Cavid

Seçilən
10
1
xalqcebhesi.az

2Mənbələr