AZ

“Atletiko” İstanbulu fəth edə bilmədi - İCMAL

İkinci oyun günü təkcə ''Qarabağ''ın tarixi qələbəsi ilə əlamətdar olmadı. Başqa maraqlı nəticələr də qeydə alındı.

"Football-plus.az" xəbər verir ki, Bakıdakı oyunla paralel ''Qalatasaray''ın ''Atletiko'' ilə dueli baş tutdu. Türkiyə çempionu üçün oyun uğursuz başladı və artıq 4-cü dəqiqədə Dieqo Simeonenin oğlu Culiano başla hesabı açdı. Amma son iki turda qola və xala həsrət qalan ''Cim-Bom'' rəqibin avtoqolu sayəsində şokdan tez qurtuldu. İlk yarının ortalarında Şallainin ötürməsinin qarşısını kəsmək istəyən Lyorente topu öz qapısına göndərdi. İlk yarını qonaqlar, ikinci yarını meydan sahibləri üstün keçirsələr də, oyunda başqa qol olmadı. Son anlarda İstanbul nəhəngi mühüm bir fürsəti əldən verdi. Oblak komandasının xilaskarı oldu. Xalını 10-a çatdıran ''Qalatasaray''ı son turda çətin Mançester səfəri gözləyir. Okan Burukun komandası digər oyunların nəticələrindən asılı olaraq,hətta uduzacağı təqdirdə də ''24-lüy''ə düşə bilər.

Digər oyunlara gəlincə, son 5 turda qol vura bilməyən ''Slaviya'' gözlənilmədən ''Barselona''nın qapısına iki dəfə yol tapdı. Ancaq bu qollar xal qazanmaq üçün kifayət etmədi. Polşalı qoleador Levandovskinin həm rəqib, həm də öz qapısına qol vurması diqqəti çəkdi. Bir müddət öncə məşqçisini ''Spartak''a göndərən və məşqçi dəyişikliyinə getməli olan ''Pafos'' ''Stemford Bric''də 77 dəqiqə yaxşı müdafiə olunsa da, sürpriz edə bilmədi. ''Çelsi'' ''avtobus''u Kaysedonun sayəsində yararaq çətin və vacib qələbə qazandı. Noyabrda İngiltərədə ''Liverpul''u darmadağın edən PSV bu dəfə ''dumanlı albion''da özü darmadağın oldu. Qapıçı ilə müdafiəçilərin inamsız oyunu ''Nyukasl''ın işinə yaradı. Premyer-liqada cəmi 2 qolu olan Qordonun ÇL-də artıq 6-cı qolunu vurması maraqlı məqamdı.

''Liverpul''un artıq böhranı tam arxada qoyduğunu söyləyə bilərik. ''İnter'' üzərində qələbənin ardından mersisaydlılar bu dəfə səfərdə ''Marsel''i darmadağın etdi. Soboslai cərimə zərbəsindən hesabı açdığı epizodda topu ''canlı sədd''in altından göndərməklə çox ağıllı bir zərbə vurdu. Arne Slotun komandasının bütün turnirləri nəzərə almaqla məğlubiyyətsiz seriyası 13 oyuna yüksəldi.

Günün əsas sürprizlərindən biri Berqamoda qeydə alındı. Mövsümü imkanlarından aşağı səviyyədə keçirən ''Atletik'' ''Atalanta'' ilə səfər oyununda fasiləyə geridə yollansa da, 2-ci hissədə gözlənilmədən 3 qol vurdu! Münhendəki oyunun nəticəsini də müəyyən mənada sürpriz saymaq olar. ''Yunion''un ''Bavariya'' ilə səfər matçında darmadağın olmamasını nəzərdə tuturuq. Çünki bu ''Bavariya'' ilə səfər oyununda darmadağın olmamağın özü də uğurdu. 2-ci hissənin əvvəlində iki qol vuran Keyn növbəti het-trikini rəsmiləşdirməyə cox yaxın oldu. Amma İngiltərə yığmasının kapitanı son anlarda penaltidən yararlana bilmədi. Joze Mourinyonun ''Benfika''sı yenə fanatlarını məyus etdi. Son iki turda 6 xal toplayan Lissabon nəhəngi Turində də uğur qazanacağı təqdirdə artıq pley-off haqda da düşünə bilərdi. Özü də ''Benfika'' ''Yuve''yə qarşı çox uğurlu statistikaya malik idi (9 oyun, 7 qələbə). Amma ''Benfika''nın gücü yalnız bir hissə dözməyə yetdi. Luçano Spallettinin gəlişindən sonra dirçələn ''Yuve'' fasilədən sonra özünə lazım olan qolları vuraraq inamlı qələbə qazandı. ''Benfika''nın son turda ''Real''la qarşılaşacağını nəzərə alsaq, çox güman, bu komanda üçün avrokubok macərası başa çatacaq.

Qalatasaray - Atletiko 1:1 (1:1)
Qalatasaray (İstanbul, Türkiyə): Uğurcan Çakır, Şallai, Sançes, Əbdülkərim Bardakcı, Ərən Elmalı, Lemina, Torreyra (İlkay Gündoğan, 88), Sane, Yunus Akgün (Sara, 65), Barış Alpər Yılmaz (Yakobs, 80), Osimhen.
Atletiko (Madrid, İspaniya): Oblak, Lyorente, Pubil, Hantsko, Ruceri, Koke (Kardoso, 56), Barrios (Le Norman, 56), Almada (Baena, 46), Simeone, Alvares (N. Qonsales, 73), Sörlot (Qrizmann, 61).
Qollar: Simeone, 4 (0:1). Lyorente, 20-öz qapısına (1:1).
Vərəqələr: Osimhen, 29. Almada, 41. Barrios, 49. Şallai, 61. Simeone, 67. Lemina, 83 - sarı.
Hakim: İştvan Kovaç (Rumıniya).
21 yanvar. İstanbul. 48443 tamaşaçı.

Yuventus - Benfika 2:0 (0:0)
Yuventus (Turin, İtaliya): Di Qreqorio, Kalulu, Bremer, Kelli, Kambiaso (Kabal, 70), Lokatelli (Koopmayners, 87), K.Türam, Makkenni, Miretti (Konseysao, 46), Kənan Yıldız (Kostiç, 82), C.Devid (Openda, 70).
Benfika (Lissabon, Portuqaliya): Trubin, Dediç, Otamendi, Arauxo, Dal, Barreyro, Eursnes, Prestianni (Reqo, 77), Sudakov (Barreneçea, 60), Şelderup (İvanoviç, 69), Pavlidis.
Qollar: K.Türam, 55 (1:0). Makkenni, 64 (2:0).
Pavlidis 81-ci dəqiqədə penaltidən yararlana bilməyib (yan).
Vərəqələr: Lokatelli, 49. Kelli, 88 - sarı.
Hakim: Sərdar Gözübüyük (Niderland).
21 yanvar. Turin. 41626 tamaşaçı.

Atalanta - Atletik 2:3 (1:0)
Atalanta (Berqamo, İtaliya): Karnesekki, Zappakosta (Samarciç, 76), Kossunu, Cimşiti, Kolaşinats (Ahanor, 76), Bernaskoni (Sulemana, 82), De Roon, Ederson, De Ketelare, Zalevski (Lukman, 66), Skamakka (Krstoviç, 66).
Atletik (Bilbao, İspaniya): Simon, Qorosabel (Areso, 81), Lekue, Vivian, Paredes, Boyro (Sanset, 46), Reqo (De Qalarreta, 59), Xauregisar (Vesqa, 59), Quruseta, Qomes (Serrano, 68), Navarro.
Qollar: Skamakka, 16 (1:0). Quruseta 58 (1:1). Serrano, 70 (1:2). Navarro, 74 (1:2). Krstoviç, 88 (2:3).
Vərəqələr: Vivian, 22. Xauregisar, 54. Karnesekki, 90+5 - sarı.
Hakim: Danni Makkeli (Niderland).
21 yanvar. Berqamo. 21462 tamaşaçı.

Nyukasl - PSV 3:0 (2:0)
Nyukasl (İngiltərə): Poup, Trippye (Uillok, 87), Tiav, Botman, Holl, Tonali, Gimaraynş (Mayli, 45+3), Joelinton (Remsi, 72), Barns, Qordon (Elanqa, 72), Vissa (Voltemade, 72).
PSV (Eyndhoven, Niderland): Kovarj, Sildillya, Shauten, Qasiorovski, Salah-Edin (Obispo, 45), Mario Junior, Vanner, Veerman, Man (Bayraktareviç, 62), Perişiç (Drioş, 62), Til (Flaminqo, 73).
Qollar: Vissa, 8 (1:0). Qordon, 30 (2:0). Barns, 65 (3:0).
Vərəqələr: Gimaraynş, 26. Sildilya, 34. Tonali, 54. Qasiorovski, 62. Veerman 90+1. Obispo, 90+2 - sarı.
Hakim: Daniel Zibert (Almaniya).
21 yanvar. Nyukasl. 52076 tamaşaçı.

Çelsi - Pafos 1:0 (0:0)
Çelsi (London, İngiltərə): Yorgensen (Sançes, 46), Hüsto, Fofana, Badyaşill, Hato (Kukurelya, 70), Kaysedo, Ceyms (Estevao, 46), Neto, Fernandes, Qarnaço (Gittens, 70), Delap (Joao Pedro, 70).
Pafos (Cənubi Kipr): Qorter, Bruno, Sema (Lanqa, 83), Lukassen, Pileas, Jaja (Kina, 65), Şunyiç, Pepe, Orşiç (Bassuamina, 83), Draqomir (Mikael, 89), Anderson Silva (Dimata, 65).
Qol: Kaysedo, 78.
Vərəqələr: Orşiç, 33. Sema, 56. Gittens, 73. Şunyiç, 78. Fernandes, 86 - sarı.
Hakim: Erik Lambrexts (Belçika).
21 yanvar. London. 30774 tamaşaçı.

Bavariya - Yunion 2:0
Bavariya (Münhen, Almaniya): Noyer, Gerreyro (Devis, 67), Kim Min Ce, Ta, Bişof, Pavloviç, Kimmix (Qoretska, 90+2), Olise (Qnabri, 90+2), Karl (İto, 67), Dias, Keyn.
Yunion (Brüssel, Belçika): Sherpen, Xalaili, Makallister, Bercess, Sayks, Zorqan (Shoofs, 82), Əl-Hac (Fuseyni, 67), De Pierre, Gilyerme (Leysen, 67), Floruç (Patris, 68), P.David (Keyta, 82).
Qollar: Keyn, 52 (1:0). Keyn, 55-p. (2:0).
Keyn 81-ci dəqiqədə penaltidən yararlana bilməyib (yan).
Vərəqələr: Kim Min Ce, 18. Olise, 58. P.Devid, 66 - sarı. Kim Min Ce, 64 - qırmızı (ikinci sarı).
Hakim: Rade Obrenoviç (Sloveniya).
21 yanvar. Münhen. 66000 tamaşaçı.

Marsel - Liverpul 0:3 (0:1)
Marsel (Fransa): Rulyi, Murilyo, Pavar, Balerdi, Medina, Höyberq, Kondoqbia (Nadir, 68), Vea, Traore (Payşao, 68), Qrinvud, Quiri (Obameyanq, 67).
Liverpul (İngiltərə): Alisson, Frimponq, Qomes, Van Diyk, Kerkes, Qravenberx, A.Makallister, Soboslai, Salah, Virts (Cons, 79), Ekitike (Qakpo, 79).
Qollar: Soboslai, 45+1 (0:1). Rulyi, 72-öz qapısına (0:2). Qakpo, 90+3 (0:3).
Vərəqə: Pavar, 48 - sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
21 yanvar. Marsel. 65631 tamaşaçı.

Slaviya - Barselona 2:4 (2:2)
Slaviya (Praqa, Çexiya): Stanek, Mozes (Vlçek, 46), Holeş (Dudera, 46), Zima, Xaloupek, Sanyanq (Çam, 72), Dorli, Provod, Sadilek, Kuşey (Xitil, 79), Xorı (Şrants, 65).
Barselona (İspaniya): X.Qarsiya, Kunde, E.Qarsiya, Martin, Balde (Arauxo, 78), De Yonq, Pedri (Olmo, 61), Barci (Reşford, 61), F.Lopes (Bernal, 78), Rafinya, Levandovski.
Qollar: Kuşey, 10. (1:0). F.Lopes, 34 (1:1). F.Lopes, 42 (1:2). Levandovski, 44-öz qapısına (2:2). Olmo, 63 (2:3). Levandovski, 71 (2:4).
Vərəqə: De Yonq, 87 - sarı.
Hakim: Kris Kavana (İngiltərə).
21 yanvar. Praqa. 19242 tamaşaçı.

Faktlar
* ''Atletik'' tarixində cəmi ikinci dəfə İtaliya klubunu səfərdə məğlub etdi. İlk belə hal 1997-nin sentyabrında UEFA kubokunda ''Sampdoriya'' ilə oyunda yaşanmışdı.
* 37 yaş 153 günlüyündə fərqlənən Levandovski ÇL-də İspaniya klubunun heyətində qol vuran ən yaşlı ikinci futbolçu oldu. Bu siyahıya 2023-ün dekabrında ''Sevilya''nın heyətində 37 yaş 257 günlüyündə fərqlənən Serxio Ramos başçılıq edir.
* ''Barselona'' ÇL-də ardıcıl 10-cu oyunda qapısını toxunulmaz saxlaya bilmədi. Bu, komandanın tarixində ilk belə haldı.
* Levandovski ÇL-də ardıcıl 16-cı mövsümdə qol vurmaqla K.Ronaldo, Giqqz, Raul və Tomas Müllerə çatdı. Bu göstəricidə rekord ÇL-də ardıcıl 18 mövsümdə qol vuran Messi ilə Benzemaya aiddi.
* Oblak ÇL-də 100 oyun həddinə çatan ilk sloveniyalı futbolçu oldu.
* ''Marsel'' ÇL-də keçirdiyi 47-ci oyunda 34-cü məğlubiyyətlə üzləşdi. ''Marsel'' bu turnirdə ''böyük beşlik'' təmsilçiləri arasında ən bərbad məğlubiyyət faizinə (72) malik olan komandadı.
* ''Qalatasaray''ın avrokuboklar tarixində məğlub edə bilmədiyi rəqiblər arasında ən çox qarşılaşdığı komanda ''Atletiko''du (7 oyun, 3 heç-heçə, 4 məğlubiyyət).
* Pavloviç ''Yunion''la qarşılaşmada 150 dəqiq ötürmə verdi. Bu, ''Bavariya''lı futbolçular arasında ÇL-də yeni rekorddu!
* Makkenni ''Yuventus''da debüt etdiyi 2020/21-dən bəri bu klubun heyətinə Vlahoviç ilə birlikdə ÇL-də ən çox (9) qol vuran futbolçudu.

Oyundan sonra
Okan Buruk, ''Qalatasaray''ın baş məşqçisi:
''Son saniyələrdə çox gözəl fürsəti əldən verdik. O qolu vursaydıq, xalımızı 12-yə çatdırıb hətta ilk ''8-liy''ə düşmək barədə düşünə bilərdik. Son turda uduzsaq belə, böyük ehtimalla ''24-lüy''ə düşəcəyik. Bu gün topa sahib olduğumuz anlarda yetərincə yaxşı performans sərgilədik. Saranın meydana çıxması ilə oyunun axarı bərabərləşdi. Bu gün ən azı 1 xal qazanmaq çox önəmli idi. Son anlarda geri çəkilməyimizin səbəbi məhz bu idi. Qol epizodlarının əldən verilməsi futbolun bir parçasıdı. Ümumilikdə oyunçularımın performansından razı qaldım. Hansı futbolçunu dindirirsən, bizim stadiondakı atmosferdən danışır. Bu, çox gözəl bir şeydi''.

Dieqo Simeone, ''Atletiko''nun baş məşqçisi:
''Maraqlı bir qarşılaşma izlədik. Bəzi matçlarda bərabərlik qaçılmaz olur. Bu da futbolun bir parçasıdı. İlk yarıda mükəmməl oynadıq. İki real fürsətimiz oldu. İkinci qolu vurmaq əvəzinə öz qapımıza vurduq. ''Qalatasaray'' ikinci hissədə fəallaşdı. Xüsusilə künc zərbələrini yaxşı yerinə yetirirdilər. Son anlarda uduza da bilərdik. Qalib gələ bilmədiksə, deməli, 3 xala layiq deyildik. Artıq ''8-liy''ə düşmək əlimizdə deyil. ''Liverpul''un nəticəsindən asılıyıq. Onlar qalib gəlsə, ehtimallar dəyişəcək. Xal itirsələr, şansımız artacaq''.
Hans-Diter Flik, ''Barselona''nın baş məşqçisi:
''Slaviya''nın bizə standart zərbədən iki qol vurması təsadüfi deyil. Onlara qarşı oynamaq asan deyil. Çünki fiziki cəhətdən güclü və ucaboy oyunçuları var. Ancaq sona qədər də qələbəyə olan inamı itirmədik. Çətin anlarda komandamın soyuqqanlılığını qorunmasını istəyirəm və bu gün bunu bacardıq. Bugünkü oyun bir daha göstərdi ki, ÇL-də qələbə qazanmaq asan deyil. Növbəti mərhələyə vəsiqəni təmin etməyimiz çox yaxşı oldu. Amma son turda yenə gücümüzü göstərməliyik. ''Kopenhagen'' pley-offa vəsiqəni təmin etməyib və qalib gəlmək üçün əlindən gələni edəcək''.


1. Arsenal 7 7 0 0 20-2 21
2. Bavariya 7 6 0 1 20-7 18
3. Real 7 5 0 2 19-8 15
4. Liverpul 7 5 0 2 14-8 15
5. Tottenhem 7 4 2 1 15-7 14
6. PSJ 7 4 1 2 20-10 13
7. Nyukasl 7 4 1 2 16-6 13
8. Çelsi 7 4 1 2 14-8 13
9. Barselona 7 4 1 2 18-13 13
10. Sportinq 7 4 1 2 14-9 13
11. Mançester Siti 7 4 1 2 13-9 13
12. Atletiko 7 4 1 2 16-13 13
13. Atalanta 7 4 1 2 10-9 13
14. İnter 7 4 0 3 13-7 12
15. Yuventus 7 3 3 1 14-10 12
16. Borussiya D 7 3 2 2 19-15 11
17. Qalatasaray 7 3 1 3 9-9 10
18. Qarabağ 7 3 1 3 13-15 10
19. Marsel 7 3 0 4 11-11 9
20. Bayer-04 7 2 3 2 10-14 9
21. Monako 7 2 3 2 8-14 9
22. PSV 7 2 2 3 15-14 8
23. Atletik 7 2 2 3 7-11 8
24. Olimpiakos 7 2 2 3 8-13 8
25. Napoli 7 2 2 3 7-12 8
26. Kopenhagen 7 2 2 3 11-17 8
27. Brügge 7 2 1 4 12-17 7
28. Bude/Qlimt 7 1 3 3 12-14 6
29. Benfika 7 2 0 5 6-10 6
30. Pafos 7 1 3 3 4-10 6
31. Yunion 7 2 0 5 7-17 6
32. Ayaks 7 2 0 5 7-19 6
33. Ayntraxt F 7 1 1 5 10-19 4
34. Slaviya 7 0 3 4 4-15 3
35. Vilyarreal 7 0 1 6 5-15 1
36. Kayrat 7 0 1 6 5-19 1

Bombardirlər: Mbappe (Real) - 11, Keyn (Bavariya) - 7, Holann (Mançester Siti), Osimhen (Qalatasaray), Qordon (Nyukasl) - 6.

Sonuncu turun oyunları yanvarın 28-də keçiriləcək: Liverpul - Qarabağ, Arsenal - Kayrat, PSJ - Nyukasl, Monako - Yuventus, Napoli - Çelsi, Borussiya D - İnter, Benfika - Real, Mançester Siti - Qalatasaray, Barselona - Kopenhagen, PSV - Bavariya, Ayntraxt F - Tottenhem, Bayer-04 - Vilyarreal, Atletik - Sportinq, Atletiko - Bude/Qlimt, Yunion - Atalanta, Ayaks - Olimpiakos, Brügge - Marsel, Pafos - Slaviya.
Seçilən
7
football-plus.az

1Mənbələr