Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə Pakistanın MUSLİM İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb
Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun rəhbəri, Cunaqad Ştatının Baş naziri Sultan Əhməd Əli Sahibzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.
Qonaqlar əvvəlcə muzeyin direktoru, akademik Rafael Hüseynovla görüşüb.
Görüş zamanı Azərbaycanla Pakistan arasında mövcud elmi-mədəni əlaqələrdən, dostluq və qardaşlıq münasibətlərindən bəhs olunub, əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Həmçinin Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə Pakistanın MUSLİM İnstitutu arasında mədəni-elmi əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Daha sonra pakistanlı qonaqlar Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri Nailə Əliyevanın təqdimatı ilə muzeyin ekspozisiyası ilə tanış olublar. Onlara Azərbaycan ədəbiyyatının klassik irsi, xüsusilə Nizami Gəncəvinin Şərq və İslam dünyası mədəniyyətində tutduğu mövqe haqqında ətraflı məlumat verilib.
Sonda muzeyin rəylər və təəssüratlar kitabında qeydlər edən Sultan Əhməd Əli Sahibzadə Azərbaycanın gözəlliyindən, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıqdan, xalqımızın qonaqpərvərliyindən söz açaraq, zəngin Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixi ilə yaxından tanışlıqdan məmnunluğunu bildirib. O, burada gördüyü hər şeyin yaddaşında silinməz izlər buraxdığını vurğulayaraq, Pakistan və Azərbaycan arasında həqiqi dostluğunun və qardaşlığın əbədi olmasını diləyib.
Qabil YUSİFOĞLU
XQ