AZ

Rusiyalı politoloq: Çoxvektorlu siyasət Bakıya bir sıra mürəkkəb regional münaqişələrdə vasitəçi olmağa imkan verib

Bakı, 27 yanvar, L. Muradzadə, AZƏRTAC

Azərbaycanın həqiqi çoxvektorlu və balanslaşdırılmış xarici siyasəti, habelə ölkənin tarixi əlaqələri və unikal coğrafi mövqeyi Ankara ilə yanaşı, Bakıya da regionda və onun hüdudlarından kənarda bir sıra mürəkkəb münaqişələrdə vasitəçi olmağa imkan verib.

Bu fikri AZƏRTAC-ın müxbiri ilə bölüşən rusiyalı politoloq Vitali Arkov İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə və İsrail xarici işlər naziri Gideon Saarın Azərbaycana son səfərlərini şərh edib.

Politoloq qeyd edib: “Bilirik ki, müəyyən çətinliklərə rəğmən Azərbaycan və İranı təkcə mehriban qonşuluq əlaqələri deyil, həm də iki ölkə xalqlarının qohumluğu və din birliyi birləşdirir. Bu, bir tərəfdən belədir. Digər tərəfdən, Azərbaycan İsrail ilə konstruktiv münasibətlər yaratmağı, iqtisadi və hərbi-texniki sahələrdə tərəfdaşlıq qurmağı bacarıb. Sirr deyil ki, Bakı hazırda Tel-Əviv ilə dialoqda Ankaranın maraqlarının bir növ səsi kimi çıxış edir, çünki Türkiyə-İsrail birbaşa təmasları Qəzzada vəziyyətlə bağlı fərqli baxışlar səbəbindən mürəkkəbləşib”.

Politoloqun sözlərinə görə, regiondakı demək olar ki, bütün ölkələr kimi, Azərbaycan da İsrail ilə İran arasında həll olunmayan ideoloji münaqişənin tammiqyaslı hərbi əməliyyatlara çevrilməsi potensialından son dərəcə narahatdır.

Xatırladaq ki, Bakıda keçirilən son danışıqlar Azərbaycanın regional diplomatik mərkəz statusunu təsdiqləyib. İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadənin 23-24 yanvar tarixlərində ölkəmizə səfəri etimadın möhkəmləndirilməsi tədbirlərinə və birgə infrastruktur layihələrinin həyata keçirilməsinə yönəlib. Bu arada, İsrail xarici işlər naziri Gideon Saarın Azərbaycana 26 yanvar tarixli səfəri təhlükəsizlik, iqtisadiyyat və texnologiya sahələrində tərəfdaşlığın strateji xarakterini vurğulayıb. Tehran və Tel-Əviv nümayəndələrinin Azərbaycana səfərləri Bakının hər iki tərəflə konstruktiv dialoq aparmaq bacarığını, eyni zamanda, öz milli maraqlarını qorumaq və regionda ümumi gərginliyin azaldılmasına kömək etmək qabiliyyətini açıq şəkildə nümayiş etdirir.

Seçilən
40
1
azertag.az

2Mənbələr