AZ

Magistratura təhsili: ixtisası dəyişmək riskdir, yoxsa fürsət?

Magistratura təhsili tələbələr üçün yalnız akademik biliklərini dərinləşdirmək deyil, həm də karyera perspektivlərini genişləndirmək baxımından mühüm mərhələdir. Bakalavr səviyyəsində əldə olunan bilik və bacarıqlar, magistratura mərhələsində ixtisaslaşma və daha mürəkkəb mövzuların mənimsənilməsi üçün əsas rol oynayır.

Lakin magistratura seçimində tələbələr tez-tez iki əsas istiqamət arasında qərarsız qalırlar: ya bakalavr səviyyəsində təhsil aldıqları ixtisas üzrə təhsillərinə davam etmək, ya da fərqli ixtisas sahəsinə yönəlmək. Bəs təcrübədə hansı tələbələr daha uğurlu olur - ixtisasını davam etdirənlər, yoxsa dəyişənlər?

AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyev (Əfəndi) danışıb.

Elmi tədqiqat üçün öz ixtisasını davam etdirmək daha məntiqlidir:

"Magistratura pilləsi ali təhsilin bakalavrdan sonrakı yüksək səviyyəsidir. Bu təhsil pilləsi, ilk növbədə, tələbələrin elmi fəaliyyətlərini davam etdirmələri üçün nəzərdə tutulub. Əslində, beynəlxalq təcrübəyə və xarici ölkələrin təhsil sisteminə nəzər salsaq, magistratura doktorantura təhsilinin ilkin mərhələsi hesab olunur. Lakin ölkəmizdə magistratura və ondan sonrakı doktorantura mərhələsinə keçid prosesi müxtəlif imtahanlar və akademik dərəcələrin fərqliliyi səbəbindən bir qədər mürəkkəbləşib.

Amma ümumilikdə söhbət magistraturadan gedirsə, burada bir neçə fərqli istiqamət mövcuddur: öz ixtisasını davam etdirənlər, istəməyərək ixtisasını davam etdirməyə məcbur qalanlar və fərqli ixtisasa keçib uğur qazananlar.

Əsasən öz ixtisasını davam etdirənlər kimlərdir? Məsələn, hüquq təhsili almış şəxslər magistraturada fərqli hüquq sahəsini və ya ixtisaslaşmış hüquq sahəsini seçərək həmin istiqamətdə təhsillərini dərinləşdirirlər. Gələcəkdə elmi tədqiqat aparmaq üçün məhz bu yolu seçmək daha məntiqlidir. Eyni yanaşmanı iqtisadi istiqamətlərə də aid etmək olar.

Xüsusilə humanitar yönümlü sahələrdə oxuyanlar isə əsasən fərqli sahələrə üstünlük verirlər. Bu, daha çox MBA proqramları və ya 56-cı proqram kimi istiqamətləri əhatə edir. Bu halda onlar artıq fərqli bir ixtisasa sahib olurlar. Nəticədə, magistraturanı bitirdikdən sonra əllərində demək olar ki, iki yönümlü ixtisas olur: biri bakalavrda aldıqları ixtisas, digəri isə magistratura pilləsində qazandıqları ixtisas. Bu isə onların gələcək karyerası baxımından daha uğurlu ola bilər".

Oğlanların əksəriyyəti hərbi xidməti yubatmaq üçün magistraturaya üz tutur:

"Bizdə magistratura təhsili ona görə vacib hesab olunur ki, əgər gələcəkdə elmi tədqiqat işlərini davam etdirmək niyyətimiz varsa, öz ixtisasımızın növbəti pilləsi kimi burada təhsil almaq və təhsili davam etdirmək daha məntiqlidir. İstisna hallarda isə bəzi şəxslər karyera məqsədilə və ya sadəcə “magistratura pilləsində təhsil almışam” adına sahib olmaq üçün bu mərhələdə oxumağa üstünlük verirlər.

Son dövrlərdə magistratura istiqamətinə müraciət edən şəxslərə baxsaq, demək olar ki, onların əksəriyyəti oğlanlardır. Bu şəxslərin böyük qismi isə həqiqi hərbi xidmətdən müəyyən müddət möhlət qazanmaq məqsədilə magistraturaya üstünlük verirlər. Düzdür, bu, hamısına aid deyil və istisna hallar da mövcuddur, yəni həqiqətən təhsillərini davam etdirmək istəyənlər var. Amma əksəriyyət əsasən hərbi xidməti bir qədər yubatmaq məqsədilə magistratura təhsili almaqda maraqlıdır".

Magistraturaya sənəd verən tələbə özünə bir sual verməlidir: ‘Mən bunu nə üçün istəyirəm?’”:

"Ümumiyyətlə, magistratura təhsili almaq istəyən tələbə əvvəlcə özünə sual verməlidir: Mən bu təhsil pilləsini nə üçün istəyirəm? Əgər elmi-tədqiqat işi aparmağı planlaşdırırsa, mütləq şəkildə öz ixtisası ilə bağlı ixtisasının davamını oxumalıdır. Yox, əgər magistratura təhsilini sadəcə əlavə təhsil kimi almağı düşünürsə, bu artıq fərqli yanaşmadır. Üçüncü halda isə magistratura təhsili almaq istəyən şəxs öz ixtisasından fərqli bir ixtisasa üstünlük verə bilər.

Bu üç sualdan ən azı birinə düzgün cavab verə bilirsə, o zaman tələbə magistratura pilləsi üzrə təhsilini davam etdirə bilər. Yəni bu amillərə diqqət yetirmək kifayətdir ki, tələbənin magistraturaya daxil olub-olmaması barədə aydınlıq yaranmış olsun.

Son dövrlərdə müşahidə edirik ki, artıq son iki ildir 20 mindən çox namizəd magistraturaya qəbulun birinci cəhd imtahanında iştirak edir. Məsələn, ötən il bu göstərici 21 900 nəfər idisə, bu il artıq 22 777 nəfər magistraturada birinci cəhddə iştirak üçün elektron ərizə təqdim edib. Bu da göstərir ki, magistratura istiqamətində təhsil almaq istəyənlərin sayında müəyyən artım müşahidə olunur.

Bunu nəzərə alaraq dövlət də plan yerlərini həm dövlət sifarişi, həm də ödənişli əsaslarla artırır. Düşünürəm ki, bu, magistratura pilləsində həqiqətən biliklərini artırmaq və təhsillərini davam etdirmək istəyənlər üçün ideal imkanların yaradılması deməkdir".

Zeynəb Tehranlı

Seçilən
0
1
azedu.az

2Mənbələr