AZ

Gerasimov yenə gülünc vəziyyətə düşdü Baş qərargah rəisi daha bir şəhəri “azad edib”

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Xarkov vilayətində yerləşən Kupyansk-Üzlovoy qəsəbəsinin guya “azad edilməsi” ilə bağlı açıqlaması hətta Rusiyaya yaxın mənbələr tərəfindən də şübhə altına alınıb.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Gerasimov “xüsusi hərbi əməliyyat zonasında” Qərb qoşun qruplaşmasını “yoxlayıb” və Kupyansk-Üzlovoyda “şəhər məhəllələrinin yoxlanılması və təmizlənməsinin aparıldığını” bildirib. Onun sözlərini “İnterfaks” yayıb.

Lakin bir sıra rusiyapərəst Z-teleqram kanalları və müstəqil OSINT-analitiklərin xəritələri bu bəyanatın reallığa uyğun olmadığını göstərir. “Dva mayora” adlı Z-kanal Gerasimovun məruzəsini istehzalı şəkildə şərh edərək, “belə gözəl hesabatdan sonra gedib siqaret çəkmək qalır” yazıb. “Romanov Layt” kanalının müəllifi Vladimir Romanov isə bunu cəbhədə olmayan irəliləyişlərin elan edilməsi praktikasına – “zakraslar”a bağlayıb.

“Belaruskiy silovik” teleqram kanalı isə Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan əraziləri göstərən xəritə paylaşıb və vurğulayıb ki, Kupyansk-Üzlovoy faktiki olaraq Rusiya ordusunun nəzarətində deyil. Xəritəyə əsasən, Rusiya qüvvələri həmin yaşayış məntəqəsinə yaxınlaşmayıb.

Ukrayna Müdafiə Nazirliyinə yaxın olan DeepState layihəsinin məlumatına görə, Rusiya ordusunun nəzarət etdiyi mövqelərlə Kupyansk-Üzlovoy arasında birbaşa məsafə azı 10 kilometrdir. Finlandiyanın Blackbird OSINT platforması da “boz zonanın” belə şəhər sərhədlərinə çatmadığını təsdiqləyir. ABŞ-nin Müharibəni Öyrənmə İnstitutunun (ISW) xəritələrində isə yaşayış məntəqəsinin tam şəkildə Ukraynanın nəzarətində olduğu göstərilir.

Qeyd edək ki, Gerasimov daha əvvəl – noyabrın 20-də – Kupyansk şəhərinin ələ keçirildiyini Rusiya Prezidenti Vladimir Putinə məruzə etmişdi. Həmin iddiaya o zaman da hətta rusiyapərəst hərbi bloqerlər inanmamışdı. Dekabrın 12-də Ukrayna Prezidenti Volodimir Zelenski Kupyanskda ukraynalı hərbçilərlə görüşdüyünü açıqlamış və şəhər girişində video paylaşmışdı.

Ukrayna tərəfi bildirirdi ki, Rusiya qüvvələri şəhərdə olsa da, sayca azdır və mühasirəyə alınıb. Yanvarın ortalarında Ukrayna Milli Qvardiyasının “Xartiya” briqadası Kupyanskın blokadadan çıxarıldığını və şəhər meriyasının nəzarətə götürüldüyünü açıqlamışdı.

Buna baxmayaraq, Rusiya Müdafiə Nazirliyi yanvar ayı ərzində Kupyansk istiqamətində guya Ukrayna Silahlı Qüvvələrinin əks-hücumlarının dəf edildiyini mütəmadi olaraq bəyan edib. Yanvarın 15-də Gerasimov Ukrayna tərəfinin şəhərdə mövcudluğunu “imitasiya etmək” cəhdlərinin, o cümlədən dronlar vasitəsilə inzibati binalara bayraq sancılmasının qarşısının alındığını iddia etmişdi.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
azpolitika.info

1Mənbələr