AZ

Prezident Sumqayıt Sənaye Parkında açılışlar etdi - YENİLƏNİB

Prezident Sumqayıt Sənaye Parkında açılışlar etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında "Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib.

AFN.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına əvvəlcə ölkəmizdə yaradılan sənaye zonaları və Sumqayıt Sənaye Parkının fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, hazırda ölkəmizdə mövcud sənaye zonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 7 milyard manatdan çox investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb.

Növbəti mərhələdə mövcud layihələr üzrə 1,74 milyard manata yaxın investisiya yatırılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 6,1 milyard manatlıq hissəsi ixrac olunub.

Hazırda istehsal olunan məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir.

Hazırda ölkədə Sumqayıt, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası” daxil olmaqla 8 sənaye parkı fəaliyyət göstərir.

"Azermirror” MMC-nin təsisçisi Rüstəm Abbasov Prezident İlham Əliyevə müəssisə barədə məlumat verib. Bildirilib ki, MMC-yə 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.

Müəssisə parkın 1 hektar ərazisində tikilib, burada 30 nəfər daimi işlə təmin olunub. Zavodda ildə 900 min kvadratmetr güzgü vərəqəsi istehsal ediləcək.

Çin texnologiyası əsasında qurulan layihənin investisiya dəyəri 6,13 milyon manatdır. Müəssisənin yaradılmasına Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,5 milyon manat güzəştli kredit ayrılıb.

"Azermirror” MMC rezidentlər üçün nəzərdə tutulan güzəştlərdən istifadə edərək 600 min manat dəyərində vergi və gömrük azadolması əldə edib.

***

Prezident İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında "Bakı Karton və Qutu Fabriki" MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

Müəssisənin rəhbəri Kamran Salmanlı dövlət başçısına fəaliyyət barədə məlumat verib.

Bildirilib ki, müəssisənin investisiya dəyəri 20 milyon manatdır. Burada 64 daimi iş yeri yaradılıb və 1,3 milyon manatlıq vergi və gömrük güzəşti tətbiq olunub.

***

Prezident İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında "Nun" MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub.

Bildirilib ki, müəssisənin investisiya həcmi 11,2 milyon manatdır və burada 140 daimi iş yeri yaradılacaq.

Seçilən
57
2
afn.az

10Mənbələr