““Global Firepower” təşkilatı Azərbaycan ordusunu 60-cı pillədə göstərərək, bəzi dövlətlərin ordularından zəif təqdim etməyə çalışır. Halbuki mütəxəssislər Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığını və silah-texnika parkını obyektiv şəkildə təhlil etsələr, bunun tam əksini görmək olar”.
Bunu Hafta.az-a hərbi ekspert Ramil Məmmədli bildrib. O qeyd edib ki, orduların gücü onların şəxsi heyətinin döyüş hazırlığının səviyyəsi, silah-texnika parkının praktikliyi, real döyüş bacarığı və əldə etdikləri uğurlarla ölçülür. Azərbaycan reytinq cədvəlində yer alan dövlətlər arasında, xüsusilə də özündən irəlidə göstərilən bəzi ölkələrin ordularından bir sıra parametrlərə görə daha güclüdür.
R.Məmmədli hesab edir ki, hətta bu reytinqlə razılaşsaq belə, Azərbaycan Silahlı Qüvvələrinin özündən aşağıda göstərilən və dünya miqyasında tanınmış, tarixi olan ölkələrin ordularından irəlidə yer alması üstünlük və qürurverici haldır. Xüsusilə Cənubi Qafqaz regionunda Azərbaycanın daha güclü orduya malik olması sevindirici faktdır.
Ekspert Azərbaycan ordusunun potensialı ilə bağlı bir neçə məqamı xüsusi vurğulayıb:
“Bu gün Azərbaycan Silahlı Qüvvələrinin hərbi hava və hava hücumundan müdafiə sistemləri dünyanın ən müasir texnologiyaları ilə təchiz olunub və ölkənin hava məkanının qorunmasında yüksək döyüş hazırlığı nümayiş etdirir.
Eyni zamanda, quru qoşunlarının potensialı da olduqca yüksəkdir. Biz bunu Vətən müharibəsində açıq şəkildə gördük və ondan sonra aparılan islahatlar bu potensialı daha da gücləndirdi. Yəni müharibədən sonra Azərbaycan ordusunun imkanları daha da artıb. Azərbaycan həm də çox azsaylı ölkələrdəndir ki, ordunun tərkibində pilotsuz uçuş aparatları bölmələri mövcuddur və bu da ordumuzun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. Bu məqamları daha da sadalamaq olar. Hər bir halda, “Global Firepower” təşkilatının reytinqinə görə belə, Azərbaycan ordusunun uğurlu mərhələdə olduğu qənaətinə gəlmək mümkündür”.
Tahirə Qafarlı