ABŞ Prezidenti Donald Trampın son açıqlamaları bu ehtimalı daha da gücləndirir. Tramp bildirib ki, ABŞ-ın İran yaxınlığında "Venesueladakından daha böyük hərbi donanması" mövcuddur və USS Abraham Lincoln (CVN-72) təyyarədaşıyan gəmisi bölgədə yerləşdirilib. Bu, açıq şəkildə hərbi-psixoloji təzyiq və güc nümayişi strategiyasına işarə edir.
Eyni zamanda Trampın ritorikası ziddiyyətlidir. Bir tərəfdən hərbi mövcudluq gücləndirilir, digər tərəfdən isə diplomatik açıq qapı saxlanılır. ABŞ Prezidenti açıq şəkildə deyib: "Onlar razılaşmaq istəyirlər. Bunu bilirəm. Dəfələrlə zəng ediblər. Danışmaq istəyirlər." Bu açıqlama Trampın hələlik birbaşa genişmiqyaslı müharibəyə tələsmədiyini, lakin hərbi variantı masadan tam çıxarmadığını da göstərir.
Venesuela presedenti və İran ssenarisi
Tramp administrasiyasının əvvəlki Venesuela nümunəsi hazırkı İran siyasətinin konturlarını anlamağa imkan verir. Karakasa qarşı tətbiq edilən model birbaşa işğal yox, hərbi mühasirə, siyasi təcrid, iqtisadi boğma və daxili parçalanma üzərində qurulmuşdu. Görünən odur ki, Vaşinqton bu yanaşmanı İran üçün də uyğun hesab edir. "Middle East Eye" nəşri etibarlı mənbələrə istinadən yazır ki, ABŞ İranda etirazların yatırılmasına görə məsuliyyət daşıyan yüksək vəzifəli rəsmiləri və hərbi komandirləri hədəf almaq niyyətindədir. Mənbəyə görə, bu zərbələr "hədəfli və məhdud" xarakter daşıyacaq və vaxt faktoru dəyişkən ola bilər. Adı açıqlanmayan keçmiş ABŞ kəşfiyyat rəsmisi isə daha açıq mövqe sərgiləyir: "Prezident Donald Tramp Tehranda rejim dəyişikliyi arzusundan əl çəkməyib."Bu, Vaşinqtonun məqsədinin sadəcə davranış dəyişikliyi deyil, siyasi sistemin transformasiyası olduğunu göstərir.
Hədəfli zərbələr və liderlik riski
İran tərəfi də bu təhlükəni real hesab edir. Prezident Məsud Pezeşkianın açıqlaması Tehranın mövqeyini açıq ifadə edir: "Ali liderə qarşı hər hansı hücum bütövlükdə İrana qarşı genişmiqyaslı hücum kimi qiymətləndiriləcək." "The Jerusalem Post" isə təhlükəsizlik mənbələrinə istinadən yazır ki, İranın ali lideri Ayətullah Seyid Əli Xamenei təhlükəsizlik səbəbilə bunkerə çəkilib. Bu fakt İran rəhbərliyinin hədəfli zərbə ssenarisini ciddi qəbul etdiyini göstərir. "New York Times"ın məlumatına görə, ABŞ kəşfiyyatı Trampa İranın kritik mərhələyə yaxınlaşdığı və rejimin mövqelərinin ciddi şəkildə zəiflədiyi barədə hesabatlar təqdim edib. Bu fon ABŞ mediasında hərbi zərbələrin qaçılmazlığı ilə bağlı ehtimalları artırır.
Regional narahatlıq və diplomatik xəbərdarlıqlar
Bununla belə, region ölkələri bu ssenaridən ciddi şəkildə narahatdır. Birləşmiş Ərəb Əmirlikləri açıq bəyanatla çıxış edərək bildirib ki, İrana qarşı hər hansı hücum üçün hava məkanının, ərazisinin və ya ərazi sularının istifadəsinə icazə verilməyəcək. Bu, ABŞ üçün regional manevr imkanlarını məhdudlaşdıran mühüm siqnaldır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan isə daha sərt xəbərdarlıq edib: "Amerikalı dostlarıma məsləhətim budur: bunu başqa bir Venesuelaya çevirməyin." Fidanın fikrincə, İran danışıqlara açıqdır, lakin təzyiq elə səviyyəyə çatmamalıdır ki, Tehran özünü "tam küncə sıxışdırılmış" hiss etsin. Əks halda, "ən pis ssenari" qaçılmaz ola bilər.
Təzyiq strategiyası və səhv hesab riski
Mövcud mənzərə göstərir ki, tərəflər hələlik birbaşa müharibədən çox psixoloji təzyiq, güc balansı və mövqe savaşı aparır. ABŞ-ın bölgədə təyyarədaşıyan qruplar, Patriot və THAAD sistemləri yerləşdirməsi, İsrailin hava müdafiəsinin gücləndirilməsi isə prosesin artıq praktiki hazırlıq mərhələsinə keçdiyini göstərir. Əsas risk planlaşdırılmış hücumdan daha çox, səhv hesablanmış addımın nəzarətdən çıxmasıdır. Yaxın Şərq növbəti dəfə kritik yol ayrıcındadır və Tramp administrasiyasının verəcəyi qərar təkcə İran üçün deyil, bütün region üçün uzunmüddətli geosiyasi nəticələr doğura bilər. Region ölkələrini narahat edən məsələ də budur. Çünki bu bölgədə proqnozlaşdırılası mümkün olmayan hadisələrə yol aça bilər və istisna deyil.
Mürtəza Bünyadlı
Siyasi şərhçi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31