Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.
...Qadağalar, məhdudiyyətlər problemi həll etməyəcək
Sosial media platformaları böyük təsir qüvvəsinə malikdir. Uşaqlar və yeniyetmələr bəzən sosial şəbəkələrin mənfi təsirlərinə məruz qala bilirlər. Bu səbəbdən bir sıra ölkələr uşaq və yeniyetmələrə sosial media məhdudiyyətləri tətbiq etməyə çalışır. Avstraliya 10 dekabr 2025-ci ildə 16 yaşdan kiçiklərə sosial media məhdudiyyətləri tətbiq etdikdən sonra Avropada da oxşar addımlar nəzərdən keçirilməyə başlayıb. Fransa Milli Assambleyası prezident Emmanuel Makron tərəfindən dəstəklənən və 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışının qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Qanun layihəsi Senatdan da keçərsə, qüvvəyə minəcək. Britaniya, Danimarka, Yunanıstan, İspaniya və İrlandiya da oxşar məhdudiyyətləri nəzərdən keçirir. Dünyanın aparıcı dövlətlərindəki belə təşəbbüslər ağıllara bu sualı gətirir: Azərbaycanda da belə məhdudiyyətlərə ehtiyac var?
Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı “Sherg.az”a açıqlamasında bildirib ki, bu cür məhdudiyyətlər problemi həll etmir:
“Biz rəqəmsal cəmiyyətdə yaşayırıq. Hesab edirəm ki, məhdudiyyətlərlə, qadağalarla sosial mediadakı problemləri həll edə bilmərik. Bu platformaların həm mənfi, həm də müsbət tərəfləri var. Biz insanlarımızda sosial şəbəkədən istifadə mədəniyyəti formalaşdırmalıyıq. Sosial şəbəkələr informasiyaya əlçatanlıq, faydalı bilgilərin öyrənilməsində həyati əhəmiyyət daşıyır. Ancaq sosial şəbəkələrdən istifadə neqativ hallara da səbəb ola bilir. Məsələn, Çində mütəxəssislər sosial media platformalarından həddindən artıq istifadənin insanlarda, xüsusilə də uşaq və yeniyetmələrdə asılılıq yaratdığını aşkarlayıb”.
Ekspert sosial şəbəkələrdən istifadə asılılığının uşaqlarda klip düşüncə sindromu yarada biləcəyini deyib:
“Bu da onlarda məntiqi-riyazi təfəkkürün ləngiməsinə səbəb ola bilər. Elə bu səbəbdən Çində sosial media platformalarında uşaqlar üçün 45 dəqiqəlik limit var. Ancaq mən məhdudiyyətlərin problemləri həll etdiyini düşünmürəm. Çünki belə məhdudiyyətlər çox da effektiv olmur. Uşaqlar valideynlərinin telefonundan istifadə edərək, ya da başqa üsullarla məhdudiyyətləri aşa bilirlər. Hesab edirəm ki, hökumətlər sosial şəbəkə operatorları ilə elə bir müqavilə bağlamalıdır ki, bu platformalarda hüquqa və əxlaqa zidd paylaşımlar yer almasın. Filtr, süzgəc mexanizmləri tətbiq olunsun. Hətta mən hesab edirəm ki, bu yalnız uşaqlar üçün yox, hər kəs üçün olsun. Çünki sosial şəbəkələr xüsusilə son vaxtlar ailə institutu üçün böyük təhdid yaradır”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.