AZ

Azərbaycan ordusunun inkişafı məhz sülhə yönəlmiş inkişafdır - Rəy

Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, Global Firepower təşkilatının 2026-cı il üzrə açıqladığı reytinqə əsasən, Cənubi Qafqazın ən güclü ordusu Azərbaycana məxsusdur. Azərbaycan 145 ölkə arasında 60-cı pillədə yer alaraq regionda lider mövqeyini qoruyub. Reytinq hərbi texnika, canlı qüvvə, müdafiə büdcəsi və strateji imkanlar kimi göstəricilər əsasında tərtib edilib. Azərbaycan Ordusunu regionun ən güclü ordusuna çevirən məqamlar nə ilə bağlıdır və hansı ideyanı ortaya qoyur.

Bu istiqamətdə Hafta.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov qeyd edib ki, bəzi beynəlxalq qurumlar və reytinq agentlikləri müxtəlif statistik qiymətləndirmələr apararaq öz nəticələrini təqdim edirlər. Onun sözlərinə görə, bu cür qiymətləndirmələrə kifayət qədər ciddi yanaşılır. Bir sıra hallarda isə Azərbaycana münasibətdə nəticələrin tam obyektiv olmadığı, bəzi hallarda rəqabətli və ya məlumat çatışmazlığı səbəbindən reallığı tam əks etdirmədiyi müşahidə olunur.

Ş.Ramaldanov deyib ki, Azərbaycanın 60-cı sırada qərarlaşması Cənubi Qafqazın ən güclü ordularından birinə malik olan ölkəmiz üçün mühüm göstəricidir. Bu nəticə Azərbaycanın iqtisadi potensialından, inkişaf səviyyəsindən və imkanlarından xəbər verir.

“Bu nailiyyətlərin əldə olunmasında Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında orduya göstərilən xüsusi diqqət və büdcə ayırmaları mühüm rol oynayır. Ayrılan vəsaitlər ordunun imkanlarının daha da genişlənməsinə şərait yaradır. Artıq 5 ildir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib və ərazi bütövlüyünü tam bərpa edib. Bu səbəbdən, hərbi infrastrukturun qurulması, hərbi şəhərciklərin salınması, sosial məsələlərin həlli və minalanmış ərazilərin təmizlənməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Yüzlərlə kilometr ərazidə minatəmizləmə əməliyyatları aparılaraq yeni infrastruktur formalaşdırılır. Hazırda əsgər və zabitlərimizin xidmət etdiyi ərazilərin böyük hissəsi iqlim şəraiti baxımından çətin zonalardır. Bu baxımdan həmin bölgələrdə müasir infrastruktur layihələrinin həyata keçirilməsi hərbi qulluqçuların xidməti şəraitinə müsbət təsir göstərir”- ekspert deyb.

Ş.Ramaldanov bildirib ki, Azərbaycan ordusunun inkişafı dövlət siyasətinin tərkib hissəsidir. Bu siyasət sabitliyin qorunmasına, sülhün bərqərar olmasına və möhkəmlənməsinə xidmət edir:

“Bu gün Azərbaycan ordusunun inkişafı məhz sülhə yönəlmiş inkişafdır. “Sülh istəyirsənsə, müharibəyə hazır ol” ifadəsi bu siyasətin mahiyyətini əks etdirir. Bunun nəticəsində Ermənistan artıq reallığı qəbul edərək Azərbaycanla sülh müqaviləsi imzalamaq barədə düşünür. Əgər Azərbaycan bu gücə malik olmasaydı, bölgədəki siyasi proseslər də bu cür formalaşmazdı”.

Ekspert qeyd edib ki, Azərbaycan ordusunun quruculuğu ilə bağlı həyata keçirilən işlər və büdcədən ayrılan vəsaitlər də bu siyasətin davamıdır:

“Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, bu vəsaitlər sosial sahəyə və infrastruktur layihələrinə yönəldilə bilərdi, lakin Ermənistanın hərbi büdcəsini artırması Azərbaycanı da hərbi xərcləri yüksəltməyə məcbur edib və nəticədə bu məbləğ 8 milyard manatı ötüb. Bununla belə, Azərbaycanın hərbi gücü sülhü təmin edən amil kimi çıxış edir və regionda sabitliyin əsas dayaqlarından biri hesab olunur. Azərbaycanın xarici siyasəti bütün ölkələrlə dostluq və qonşuluq münasibətlərinə əsaslandığı üçün bu, bölgəyə investisiyaların cəlb olunmasına da müsbət təsir göstərir”.

Ş.Ramaldanov deyib ki, bu gün Ali Baş Komandanı İlham Əliyev ordunun inkişafında ən müasir təcrübələrdən istifadə edir. Dünyanın müxtəlif qaynar nöqtələrində əldə edilən təcrübələr, Azərbaycanın öz döyüş təcrübəsi ilə birləşdirilərək hərbi sahədə tətbiq olunur:

“Azərbaycan öz tarixi ədalətini bərpa etmək üçün müharibəyə girib və heç vaxt başqa ölkələrin ərazilərinə iddia etməyib, etməyəcək də. Hazırda Azərbaycan ordusunun inkişafı müasir tələblərə tam cavab verən səviyyədə davam etdirilir. Müdafiə Nazirliyinin və müdafiə sənayesinin paralel inkişafı bu prosesi daha da gücləndirir. Xüsusilə hərbi kadrların hazırlanması sahəsində böyük işlər görülür. Milli Müdafiə Universiteti və digər hərbi təhsil müəssisələrinin fəaliyyəti bu sahədə mühüm rol oynayır. Türkiyə modelinə keçid və Türkiyə ordusu ilə sıx əməkdaşlıq bu prosesə böyük töhfə verir. Azərbaycanın hərbi mütəxəssisləri bu gün təkcə ölkə daxilində deyil, beynəlxalq yarış və tədbirlərdə də yüksək peşəkarlıq nümayiş etdirirlər. Türkiyə ordusu ilə keçirilən çoxsaylı birgə təlimlər Azərbaycan hərbçilərinin peşə səviyyəsinin göstəricisidir.

Nəticə etibarilə, Azərbaycan ordusu müasir, güclü və regionda sülhü təmin edən əsas amillərdən biri kimi formalaşıb və bu inkişaf gələcəkdə də davam etdiriləcək”.

Tahirə Qafarlı

Seçilən
46
hafta.az

1Mənbələr