AZ

"30-50 şagirdi olan bir kənddə məktəb tikmək məqsədəuyğun deyil" - Deputat

Millət vəkiliki Zahid Oruc sərhəd kəndlərinin inkişafı üçün ayrıca dövlət proqramına ehtiyac olduğunu bildirib. O, qeyd edib ki, kəndlərdən rayon mərkəzlərinə və paytaxta kütləvi miqrasiya baş verir ki, bu da xüsusilə məktəblərdə ciddi problemlər yaradır.

Bəs kəndlərin inkişafı üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi ki, qaldırılan məsələ ictimaiyyəti ciddi düşündürən bir mövzudur:

"Ancaq onu da qeyd etmək lazımdır ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası bu gün Azərbaycan kəndini demək olar ki, mədəniləşdirib və inkişaf etdirib. Hazırda kəndlərimizin əksəriyyətində müasir tipli yollar mövcuddur, qaz, su və işıqla bağlı problemlər yoxdur. Azərbaycan kəndi xeyli dərəcədə mədəniləşib. Kəndlərin boşalmasının başlıca səbəblərindən biri əhalinin sayının az olması və gənclərin bəzən şəhərlərə üz tutmasıdır. Bu prosesi yalnız şəraitin olmaması ilə əlaqələndirmək düzgün olmazdı. Çünki sovet dövründə insanlar qrup halında müəyyən ərazilərdə məskunlaşıb, mal-qara saxlayıb, təsərrüfatla məşğul olub və nəticədə xırda kəndlər formalaşıb.

Nəzərə alsaq ki, bu gün Lerikdə 167, Laçında 144, Kəlbəcərdə isə 100-dən çox kənd var, eləcə də digər rayonlarda xırda-xırda kəndlərin sayı kifayət qədər çoxdur, sözsüz ki, bu kəndlərin hər birinə müasir yol, qaz çəkmək, müasir tipli məktəblər tikmək mümkün deyil. Ona görə də, hesab edirəm ki, xüsusilə xırda kəndlərin birləşdirilməsi və həmin ərazilərdə infrastrukturun lazımi səviyyədə yaradılması bu günün tələbidir. Çünki 30-50 şagirdi olan bir kənddə məktəb tikmək məqsədəuyğun deyil. Ora qaz, su və yol çəkilişi böyük həcmdə dövlət vəsaiti tələb edir. Bu gün kənddən miqrasiyanın əsas səbəblərindən biri də gənclərin əməyə yüksək səviyyədə meyilli olmaması ilə bağlıdır. Bu isə çox ciddi bir problemdir. Mənə elə gəlir ki, gənclərin kənddə qalıb işləməsi üçün onlara əlavə təminatlar yaradılmalıdır".

Deputatın fikrincə, 100 qoyun, 10 baş iribuynuzlu heyvan saxlayan gənc ailələr üçün əlavə həvəsləndirici mexanizmlər tətbiq olunmalıdır.

"Digər stimullaşdırıcı tədbirlər də həyata keçirilməlidir. Bu halda müəyyən mənada gənclərin kənddə qalıb işləməsini təmin etmək mümkün olar. Məktəb məsələsi, əlbəttə ki, çox ciddi bir problemdir. Təəssüf ki, ali təhsilli müəllimlərin, həkimlərin və digər mütəxəssislərin əksəriyyəti ali məktəbi bitirdikdən sonra kəndlərdə işləmək istəmirlər. Onlar daha çox şəhərdə qalmağa üstünlük verirlər. Buna görə də bu kateqoriyadan olan gənclər üçün də xüsusi stimullaşdırıcı və həvəsləndirici mexanizmlər tətbiq edilməlidir. Kəndlərin inkişafı dövlət qarşısında duran əsas vəzifələrdən biridir və həyata keçirilən çoxsaylı tədbirlər bunu deməyə əsas verir. Bu gün Azərbaycanın abad və müasir kəndləri kifayət qədər çoxdur. Öz iqtisadi göstəricilərinə və insanların əməksevərliyinə görə fərqlənən kəndlərimizin sayı yüzlərlədir. Lakin mənim fikrimcə, kiçik kəndlərin birləşdirilməsi və həmin ərazilərdə infrastruktur layihələrinin kompleks şəkildə həyata keçirilməsi daha səmərəli və əhəmiyyətli ola bilər", - deyə Tahir Rzayev əlavə etdi.

Nuriyyə NATİQQIZI

Seçilən
38
1
redaktor.az

2Mənbələr