AZ

Yaxın Şərqdə görünməmiş miqyasda hərbi əməliyyata hazırlıq gedir

Yaxın Şərqdə artan hərbi gərginlik və regiona cəmlənən böyük hərbi qüvvələr mümkün genişmiqyaslı əməliyyatlarla bağlı sualları gündəmə gətirib. ABŞ və onun müttəfiqlərinin bölgədə fəallığının artması prosesin hansı mərhələdə olduğu barədə müxtəlif dəyərləndirmələrə səbəb olur.

Politoloq Natiq Miri Yaxın Şərqdə müşahidə olunan hərbi fəallığın genişmiqyaslı əməliyyatlara ciddi hazırlıq xarakteri daşıdığını bildirib.

News365.az-a açıqlamasında politoloq qeyd edib ki, əməliyyatlar başlamazdan əvvəl aparılan bu hazırlıq mərhələsi mümkün hərbi-siyasi hədəflərin dəqiq müəyyənləşdirilməsinə xidmət edir. Onun sözlərinə görə, istənilən nəticəni əldə etmək üçün yüksək dəqiqliyə malik kəşfiyyat məlumatları əsas şərtdir.


N.Miri vurğulayıb ki, hazırda regionda toplanan hərbi güc indiyədək görünməmiş miqyasdadır. Belə ki, eyni anda mindən artıq ballistik və ya “Tomahawk” tipli raketin buraxılmasına imkan verən potensial formalaşıb. Bu intensivlikdə əməliyyatların davam etməsi ehtimalı kifayət qədər yüksəkdir.

Politoloqun sözlərinə görə, ABŞ-ın regionda yüzdən artıq qırıcı təyyarəsi, o cümlədən 50-dən çox “stealth” – radarlar tərəfindən görünməyən döyüş təyyarəsi mövcuddur. Bundan əlavə, havada yanacaq dolduran ağır hərbi təyyarələrin də əməliyyatlara intensiv şəkildə cəlb olunacağı gözlənilir.

Natiq Miri həmçinin qeyd edib ki, prosesdə yalnız ABŞ deyil, onun strateji müttəfiqi olan İsrailin də birgə hərbi əməliyyatlarda iştirakı nəzərə alınmalıdır. ABŞ-ın İordaniya, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətərdə yerləşən hərbi bazaları isə bu əməliyyatların logistik və strateji imkanlarını daha da artırır.

Seçilən
45
news365.az

1Mənbələr