Çinin dövlətə məxsus "PetroChina" şirkəti treyderlərə Venesueladan neft almaq niyyətində olmadığını bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
"PetroChina" CNPC korporasiyasına daxildir və uzun illər Venesuela neftinin ən böyük alıcısı olub. Lakin 2019-cu ildə ABŞ prezidenti Donald Trampın birinci prezidentlik dövründə tətbiq edilən sanksiyalardan sonra bu əməkdaşlıq dayandırılıb.
Şirkətin hazırkı mövqeyi bazarda formalaşan vəziyyəti daha diqqətlə qiymətləndirmək istəyi ilə izah olunur. Materialda qeyd edilir ki, PetroChina-nın nümayiş etdirdiyi ehtiyatlı yanaşma Venesueladan ucuz neft alan digər Çin şirkətlərinin də oxşar mövqe tutacağını göstərir.
Artıq "Trafigura" və "Vitol" ticarət evləri Venesuela neftinin satışına başlayıblar, lakin bu satışlar əvvəlki dövrlə müqayisədə xeyli baha qiymətə həyata keçirilir. Belə ki, "Brent" markalı neftə tətbiq olunan endirimlər dekabrda 15 dollar olduğu halda, hazırda cəmi 5 dollar təşkil edir. Treyderlər bu partiyaları Hindistan və Çin şirkətlərinə təklif ediblər.
Qeyd edək ki, hazırkı qiymətlər çox yüksəkdir və Venesuela nefti Kanada və ya İran nefti ilə rəqabət apara bilmir. Treyderlərin fikrincə, fevral ayından etibarən Venesuela neftinin Çinə tədarükü kəskin azalacaq. Çünki əsas alıcılar sanksiyalara o qədər də əhəmiyyət verməyən kiçik özəl zavodlar idi və onlar üçün əsas meyar xammalın çox ucuz olması idi.