AZ

Süni intellekt ixtisaslarına tələbat artacaq - Dövlət Məşğulluq Agentliyi

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Əmək bazarındakı dəyişikliklər fonunda peşə və ixtisasların tərkibi bazarın real tələblərinə uyğun şəkildə yenilənəcək.

TurkicWorld xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, əmək bazarı dinamik mühitdir və tələblərə uyğun olaraq yeni peşə və ixtisasların sayı artırıla bilər.

Hasil Abbasov bildirib ki, agentliyin tədris proqramlarında informasiya texnologiyaları istiqamətində artıq kifayət qədər peşələr mövcuddur və bu çərçivədə süni intellekt sahəsinə yönəlmiş ixtisaslar da yer alır. O vurğulayıb ki, süni intellekt üzrə kadr hazırlığına başlamazdan əvvəl ölkədə bu sahə üzrə real vakansiyaların sayı və əmək bazarının ehtiyacları təhlil edilir.

Agentliyin rəhbəri qeyd edib ki, süni intellekt mütəxəssislərinə ehtiyac artıq mövcuddur və gələcəkdə bu ehtiyac artan xətt üzrə inkişaf edəcək. Onun sözlərinə görə, qlobal texnoloji trendlər də bunu təsdiqləyir və enerji təminatı güclü olan ölkələr süni intellekt sahəsində daha uğurlu mövqe qazana biləcək.

Hasil Abbasov əlavə edib ki, Azərbaycanın elektrik enerjisi təminatı sahəsində üstün mövqedə olması ölkədə süni intellekt ixtisaslarına marağın artmasına şərait yaradır. Bu səbəbdən, süni intellekt komponentlərini əhatə edən peşə və ixtisasların Agentliyin tədris kurslarına daxil edilməsi nəzərdə tutulur.

Seçilən
19
turkic.world

1Mənbələr