AZ

Banqladeşli fəhlələr aldadılıb Ukraynada döyüşə göndərilib

Banqladeşlilər iş adı ilə aldadılıb Ukraynada müharibəyə göndərilib.

“Yeni Sabah” Associated Press-ə istinadla xəbər verir ki, onlarla əcnəbi Rusiyaya mülki iş vədi ilə aparılıb, lakin sonradan zorla Ukraynada gedən müharibəyə cəlb olunub.

Maqsud Rahman adlı banqladeşli fəhlə bildirib ki, Moskvaya gəldikdən sonra rus dilində sənədlər imzalamağa məcbur edilib. Daha sonra onun hərbi müqavilə imzaladığı ortaya çıxıb. Banqladeşli işçilər hərbi düşərgəyə aparılıb, burada onlara dron idarəetməsi, ağır silahlardan istifadə, yaralıların təxliyəsi və əsas döyüş hazırlığı öyrədilib.

Onun sözlərinə görə, etiraz etdikdə, rus komandiri ona tərcümə proqramı vasitəsilə belə cavab verib: “Səni agentin buraya göndərib. Biz sizi satın almışıq”.

Rusiya əsgərləri təhlükəsiz məsafədə qalaraq banqladeşliləri ön xəttə göndəriblər. Ayağından yaralanan Rahman Moskvaya yaxın xəstəxanaya yerləşdirilib və buradan qaçaraq Banqladeş səfirliyinə sığınıb. O, səfirliyin köməyi ilə vətəninə qayıda bilib.

Banqladeş polisi Rusiyada insan alveri ilə məşğul olan vasitəçilər şəbəkəsini ifşa edib. Araşdırmalara görə, banqladeşli vasitəçilər Rusiya ilə əlaqəli şəxslərlə əməkdaşlıq edərək işçiləri aldadıb cəbhəyə göndəriblər. Ehtimalına görə, təxminən 40 banqladeşli Ukrayna müharibəsində həlak olub.

Rusiya Müdafiə Nazirliyi, Rusiya Xarici İşlər Nazirliyi və Banqladeş hökuməti AP-nin suallarına cavab verməyib.


Telegram kanalımız
Seçilən
39
yenisabah.az

1Mənbələr