AZ

Mehriban Ələkbərzadə vəzifəsindən azad edilib – TƏSDİQLƏDİ

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə tutduğu vəzifədən azad edilməsindən danışıb.

Musavat.com-a açıqlama verən Ələkbərzadə qeyd edib ki, doğru məlumat almaq istəyənlər nazirliyin saytına nəzər salsın:

“Mənə bu haqda çox zəng gəlir. Deyirlər, aktyorlar sizin haqqınızda danışır, yazır. Doğru məlumat Mədəniyyət Nazirliyinin saytında qeyd olunub. Mədəniyyət Nazirliyinin qərarı ilə Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edilib. Bu məlumatla kifayətlənmək lazımdır”.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib.

“Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib. Qəbul edilən dəyişikliklər ötən ildən başlayaraq teatr rəhbərlərinin, sahə üzrə ekspert və mütəxəssislərin, eləcə də aidiyyəti komissiyaların iştirakı ilə müzakirə olunub.

Yeni təsdiq edilmiş əsasnamələr teatrların fəaliyyətinin sistemləşdirilməsinə, idarəetmənin səmərəliliyinin artırılmasına və funksional vəzifələrin daha aydın şəkildə müəyyənləşdirilməsinə xidmət edir. Qəbul olunan qərarlar teatr müəssisələrinin dayanıqlı inkişafının təmin olunmasına, yaradıcı və inzibati fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə, həmçinin idarəetmə proseslərində şəffaflığın və ardıcıllığın gücləndirilməsinə yönəlib.

Eyni zamanda qeyd edək ki, yeni qəbul edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında teatr sənətinin inkişafı ilə bağlı mühüm strateji hədəflər müəyyən edilib. Bu çərçivədə teatr sahəsində hüquqi bazanın mərhələli şəkildə təkmilləşdirilməsi, o cümlədən teatr haqqında qanunvericiliyin yenilənməsi perspektivi Azərbaycan teatrının gələcək inkişafının və beynəlxalq mədəni mühitdə mövqeyinin gücləndirilməsinə xidmət edir.

Seçilən
1
editor.az

1Mənbələr