Fransada parlamentin aşağı palatası 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib. Qanun layihəsi bazar ertəsindən çərşənbə axşamına keçən gecə keçirilən iclasda səs çoxluğu ilə qəbul olunub: 130 deputat təşəbbüsü dəstəkləyib, 21 deputat isə əleyhinə səs verib.
Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Sənəd uşaqları və yeniyetmələri həddindən artıq ekran vaxtının və sosial platformaların mənfi təsirindən qorumağı hədəfləyir. Fransa Prezidenti Emmanuel Makron qəbul edilən qərarı gənc nəslin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm addım adlandırıb. O, dəfələrlə sosial şəbəkələrin yeniyetmələrin psixi sağlamlığına zərərli təsir göstərə biləcəyini vurğulayıb.
Qanun layihəsi növbəti mərhələdə Senatda müzakirə olunmalıdır. Yekun təsdiq olunduğu halda Fransa Avstraliyadan sonra bu cür yaş məhdudiyyəti tətbiq edən ikinci ölkə olacaq. Sənəddə həmçinin liseylərdə mobil telefonlardan istifadənin qadağan edilməsi də nəzərdə tutulur.
Hakimiyyət orqanları yeni qaydaların 2026-cı tədris ilinin əvvəlindən etibarən yeni yaradılan hesablar üçün tətbiqinə başlamağı planlaşdırır. Sosial platformalara isə yaş tələblərinə cavab verməyən mövcud hesabların ilin sonunadək deaktiv edilməsi üçün vaxt veriləcəyi gözlənilir.
Qanuna əsasən, 15 yaşdan kiçik şəxslərin onlayn sosial şəbəkələrə girişi birbaşa qadağan edilir. Bununla yanaşı, təhsil platformaları və onlayn ensiklopediyalar qadağadan kənarda saxlanılır. Təşəbbüsün həyata keçirilməsi üçün effektiv yaş yoxlama sisteminin tətbiqi tələb olunur və bu istiqamətdə ümumavropa səviyyəsində iş aparılır.
Nuriyyə NATİQQIZI