"Pilgrim Education" xaricdə təhsil şirkətinin rəhbəri Aişə Aslanova barəsində redaksiyamıza şikayət daxil olub.
Manset.az xəbər verir ki, şikayətçinin sözlərinə görə, 2025-ci ilin iyul ayında övladının özkeçmişini (CV) gücləndirmək məqsədilə Pilgrim şirkəti ilə müqavilə imzalayıb.
Müqavilə çərçivəsində yalnız bir proqrama – İsveçrədə yerləşən Sülh və Dialoq İnstitutunun dəstəklədiyi “Boost Profile” adlı təlim proqramına qoşulma nəzərdə tutulub. Proqramın adı xarici layihə kimi təqdim edilsə də, təlimlərin Azərbaycan dilində keçirildiyi bildirilib.
Şikayətçi qeyd edib ki, proqram çərçivəsində sertifikatın noyabr ayında təqdim ediləcəyi vəd edilsə də, bu günə qədər sertifikat verilməyib. Bundan əlavə, iddiaya əsasən, müqavilədə göstərilən müddət ərzində başqa heç bir təlim və ya xidmət göstərilməyib.
Şikayətçinin sözlərinə görə, şirkət nümayəndələri dəfələrlə “bu gün”, “sabah” deyərək məsələni təxirə salıb, lakin bugünədək nəzərdə tutulan heç bir öhdəlik yerinə yetirilməyib.
Şikayətçi özü ilə yanaşı bir çox tələbələrin də müxtəlif üsullara şirkətə cəlb olunduğuna, hər birindən müəyyən məbləğ alındığını, amma heç bir xidmətin göstərilmədiyini, bununla da onlarla şəxsin şirkət tərəfindən dələduzluğa məruz qaldığını vurğulayıb.