AZ

AMEA nın İctimai Elmlər Bölməsi ötənilki fəaliyyətinə dair hesabat verib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 27 yanvar, AZƏRTAC

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında İctimai Elmlər Bölməsinin Elmi şurasının 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, hesabatı AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva təqdim edib.

Akademik diqqətə çatıdırıb ki, 2025-ci ildə Bölmənin elmi müəssisələrində 32 problemə aid 87 mövzuya dair 491 tədqiqat işi aparılıb, 72 mövzu, 425 iş tamamlanıb. Ötən ildə Bölmə üzrə 1594 əsər nəşr olunub. Bunlardan 32-si kitab (2-si xaricdə), 66-sı monoqrafiya (16-sı xaricdə) 1078-i məqalə (309-u xaricdə), 389-u tezis (123-ü xaricdə), 5-i dərslik və 25-i dərs vəsaitidir. Bölmə üzrə 39 məqalə isə impakt faktorlu jurnalda dərc olunub, alimlərin əsərlərinə 2962 istinad edilib. Bölmənin əhatə dairəsində olan təşkilatlarda isə 1938 əsər çap olunub. Bunlardan 68-i kitab (5-i xaricdə), 47-si monoqrafiya (16-sı xaricdə), 81-i dərslik və dərs vəsaiti, 958-i məqalə (493-ü xaricdə), 482-si tezis (122-si xaricdə) olub, Web of Science, Scopus bazalarında indekslənən jurnallarda isə 315 məqalə dərc edilib, əməkdaşların əsərlərinə 1137 istinad qeydə alınıb.

Gövhər Baxşəliyeva “Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlət başçısının Sərəncamın icrasına uyğun olaraq, bölmənin elmi tədqiqat müəssisələrində 4 beynəlxalq, 3 respublika, 4 elmi seminar, 1 elmi sessiya, 2 dəyirmi masa və 1 tədbirin keçirildiyini, 1 beynəlxalq konfransın materiallarının çap olunduğunu, 1 şöbənin yaradıldığını bildirib.

Məruzəçi, həmçinin “AMEA yeniləşmə və islahat yollarında”, “Süni intellekt fəlsəfəsi və tarixi – mədəni epistemoloji yanaşma”, “Rəqəmsal sosiologiya: nəzəri, metodoloji və tarixi aspektləri” və digər nəşrlərin çap olunduğunu söyləyib.

G.Baxşəliyeva qeyd edib ki, arxeoloq alimlər tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınmış arxeoloji abidələrin pasportlaşdırılması, yeni aşkar edilmiş abidələrin isə qeydə alınması istiqamətdə fəaliyyət davam etdirilib. Bu günümüzə kimi mövcud olan siyahıdakı səhvlərin aradan qaldırılması, həmçinin tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyektlərin dövlət mühafizəsində olan abidələr siyahısına daxil edilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, AMEA-nın və digər əlaqədar qurumlardan ibarət İşçi Qrupu tərəfindən ölkə ərazisində müxtəlif obyektlərə baxış keçirilib və arayış hazırlanıb. Bundan əlavə, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”ndan irəli gələrək, bölmənin institutlarında bir sıra işlər həyata keçirilib, kitablar çap olunub, 30-a yaxın elmi tədqiqat işləri yerinə yetirilib, işğaldan azad olunmuş ərazilərdə beynəlxalq ekspedisiyalar fəaliyyət göstərib. Eləcə də, işğaldan azad olunmuş ərazilərimizdə itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar tədbirlər çərçivəsində Zəngilanda, Füzulidə, Xocavənddə, Xocalıda, Ağdamda, Qubadlıda, Kəlbəcərdə, Ağdərədə və s. arxeoloji kəşfiyyat işləri aparılıb.

Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin öyrənilməsi istiqamətində isə “Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar”, “Ermənistanın toponimik cinayətləri”, “Azərbaycanlılarla ermənilər arasında keçirilən “Barışdırıcı qurultay” (Qafqaz Canişinliyi 20 fevral - 6 mart 1906-cı il)” kitabları çap olunub, eləcə də “Qərbi Azərbaycan atlası” üzrə “Azərbaycan Respublikası ərazisində yer adları ilə bağlı topoqrafik xəritələr” üzərində yenilənmə aparılıb və toplanmış materiallar əsasında Dərələyəz mahalının, Qərbi Zəngəzurun xəritəsi çəkilib. O cümlədən “İrəvan xanlığı bölgələrinin xəritələri” üzərində iş davam etdirilir.

Ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən, Qafqaz Albaniyasının tarixinin, mədəniyyətinin öyrənilməsi sahəsində bölmənin elmi-tədqiqat müəssisələrində, xüsusən Tarix və Etnologiya, Arxeologiya və Antropologiya institutlarında çalışan əməkdaşlar tərəfindən bir sıra elmi-tədqiqat işləri həyata keçirilmiş, kitablar, çoxsaylı məqalələr çap olunub.

İraq Türkmanları ilə əlaqədar görülmüş işlər çərçivəsində isə “İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)” nəşri Azərbaycan və ərəb dillərində Bakı və Bağdadda nəşr edilib.

Akademik Gövhər Baxşəliyeva, o cümlədən bölmənin institutlarında türk xalqların tarixini, mədəniyyətini araşdıran şöbələrin fəaliyyət göstərdiyini, “Türkiyənin siyasi və iqtisadi tarixi və Türkiyə-Azərbaycan siyasi-iqtisadi münasibətlərinin öyrənilməsi”, “Azərbaycanda yaşayan digər türk xalqlarının tarixinin və etnologiyasının müqayisəli öyrənilməsi (keçmişdə və indi)” və digər istiqamətlərdə tədqiqatların aparıldığını söyləyib.

Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə İctimai Elmlər Bölməsinin 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin akademiyanın illik hesabatına daxil edilməsi qərara alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
azertag.az

1Mənbələr