AZ

Türkiyə Prezidenti: Suriyadakı proseslər terror təhlükəsinin tam aradan qaldırılacağına inamı gücləndirir

Ankara, 27 yanvar, AZƏRTAC

Suriyada hakimiyyət dəyişikliyi milyonlarla insanın Vətənə qayıtmasına yol açıb. Təkcə Türkiyədən 600 min suriyalı öz evinə geri dönüb. Qonşu ölkə bərpa yoluna qədəm qoyub, iqtisadiyyatı isə qlobal münasibətlər sisteminə yenidən inteqrasiya olunur.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada xaricdə layihələr həyata keçirən tikinti şirkətlərinin mükafatlandırılması mərasimində çıxışı zamanı bildirib.

Türkiyə Prezidenti deyib ki, Suriyada baş verən müsbət proseslər regionda terror təhlükəsinin tam aradan qaldırılacağına inamı möhkəmləndirir. “Suriya xalqının resursları artıq terrorçular üçün yeraltı tunellərin qazılmasına sərf edilməyəcək, məktəblərin, xəstəxanaların, çörək zavodlarının, fabriklərin və yolların tikintisinə yönəldiləcək. Suriyanın sərvəti təhsil, səhiyyə və digər sahələrin inkişafı naminə istifadə olunacaq ki, bu da xalqın rifahını artıracaq”, – deyə o vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Suriyada yaşayan etnik kürdlərin vəziyyətinə də diqqət çəkərək xatırladıb ki, Bəşər Əsəd rejimi dövründə onların vətəndaş hüquqları olmayıb. “Bu gün biz Suriya hökuməti ilə sıx əməkdaşlıq şəraitində kürd qardaş və bacılarımızın humanitar yardımın çatdırılması ilə bağlı müraciətlərinə cavab veririk. Suriya hökuməti və şəxsən Prezident Əhməd Əl Şaraa bu məsələdə böyük həssaslıq nümayiş etdirir. Dəməşqdə problemlərin qan tökülmədən həllinə çalışmaqla çox ağıllı hərəkət edirlər. Bu, Türkiyə üçün son dərəcə dəyərlidir”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
17
1
azertag.az

2Mənbələr