AZ

Siyasi Mühacirlərin I Ümumittifaq Türkoloji Qurultaya Münasibətləri: Mustafa Şokay

Bakı, 27 yanvar, AZƏRTAC

Mühacirətdə olan türk ziyalılarının 1926-cı il Bakı Türkoloji Qurultayına münasibəti ayrıca maraq doğurur. Çünki onların bir çoxu türk xalqlarının dillərinin və milli dəyərlərinin qorunması uğrunda mübarizə aparırdı. Bu ziyalılardan biri də görkəmli qazax siyasi xadimi, publisist, türk və Türküstan milli hərəkatının ideoloqu, 1917–1918-ci illərdə Türküstan (Kokand) Muxtariyyətinin lideri olmuş Mustafa Şokay idi. Muxtariyyətin süqutundan sonra Mustafa Şokay siyasi mühacirətə getmiş, Türkiyə, Almaniya və Fransada yaşamışdı. O, bolşeviklərin milli siyasətinin ardıcıl tənqidçisi, türk xalqlarının demokratik əsaslar üzərində mədəni və siyasi yaxınlaşmasının tərəfdarı olmuşdur. Təbii ki, Mustafa Şokay 1926-cı il I Ümumittifaq Türkoloji Qurultayının iştirakçısı olmayıb. Çünki həmin vaxt o artıq mühacirətdə yaşayır və sovet hakimiyyəti tərəfindən “xalq düşməni” elan edilmişdi. Qurultaya ayrıca bir məqalə həsr etməsə də, Mustafa Şokay müxtəlif yazılarında bu mötəbər tədbirə rejimdən narazı olan bir siyasi mühacir kimi toxunmuşdu. O, 1926-cı il mayın 4-də Parisdə çap etdirdiyi “Qızıl-Ordalı leninçilər” adlı məqaləsində Ağamalıoğlunu “latinizmin atası” və “marksizmin başıpozuğu” adlandırıb, Qurultay iştirakçılarını isə tənqid edib, bəzən də təhqir etmişdi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Türk xalqlarının tarixi və etnologiyası” şöbəsinin müdiri, Dünya Türkologiya Mərkəzinin rəhbəri, türkoloq Güllü Yoloğlunun “Siyasi Mühacirlərin I Ümumittifaq Türkoloji Qurultaya Münasibətləri: Mustafa Şokay” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Birincisi, Ağamalıoğlu “latinizmin atası” olmayıb. Bu ideyanın müəllifi Vladimir Lenin idi. İkincisi, ona “marksizmin başıpozuğu” demək də doğru deyil. Səməd ağa Həsən oğlu Ağamalıoğlu Azərbaycan Demokratik Respublikasının parlamentində “Hümmət” partiyasının menşevik qanadını təmsil edib, Azərbaycanda əlifba islahatının həyata keçirilməsinə rəhbərlik edib. O, çətin illərdə öz xalqını tərk etməyib, yeni şəraitdə heç olmasa müəyyən qədər kömək göstərməyə çalışıb.

Mustafa Şokay “Qızıl-Ordadan olan leninçilər” məqaləsində qırğız (o illərdə qazaxlara “qırğız” deyirdilər) nümayəndə heyətini də təhqir edərək onları “kəmsavad” adlandırırdı: “...Yazının öz prinsipindəki bu “ziddiyyət” (ərəb əlifbası ilə sağdan sola yazı) qırğızlardan olan kəmsavad kommunistlərimizi çox qıcıqlandırırdı”.

Burada “kəmsavad kommunistlər” deyərkən, Akademik Mərkəzin nümayəndəsi Əhməd Baytursunu, əməkdaş İldes Omarovu, üzv Əziz Bay-Seydullini, müəllim Bilal Süleyevi və jurnalist Nazir Törəkulovu nəzərdə tuturdu. Halbuki cəmi bir neçə ay əvvəl yazdığı “Oyanış” məqaləsində Mustafa Şokay qeyd edirdi: “Yalnız cinayətkar fanatiklərin və isti yerlər axtaranların ağlına Bukeyxanov və Baytursunovun qırğız xalqının düşməni olduğu kimi küt və alçaq bir fikir gələ bilər”.

O, daha sonra yazırdı:

“Bakı Türkoloji Qurultayı başa çatdı. Burada iri elmi adlarla yanaşı, yeganə “elmi” yükü kommunist “nəhənglərinin” köhnəlmiş aforizmlərini əzbərləməkdən ibarət olan kəmsavad diletantların və sadəcə nadanların iştirakı qurultayı elmi çəkisindən məhrum etdi. Əlifba haqqında qətnamənin səsə qoyulması zamanı türkiyəli professorların bitərəf qalması isə qəbul edilmiş qərarın türk xalqlarının gözündə nüfuzuna son dərəcə ciddi zərbə vurdu. Məhz buna görə də bu gün Türkoloji Qurultaya “Moskvanın təşəbbüsü” kimi baxılır”.

Bəli, bu, Moskvanın təşəbbüsü idi. Lakin türk xalqlarının nümayəndələri Türk dünyasının bütün guşələrindən Bakıya toplaşmışdılar. Onların bir çoxu tanınmış alim olmasa da, böyük bir missiyanın daşıyıcıları idilər. Erməni Q. Acaryan da daxil olmaqla, cəmi bir neçə nəfər repressiyadan kənarda qaldı. Qalanlar yalnız bu Qurultayda iştirak etdiklərinə görə repressiya qurbanına çevrildilər.

Bu vətənpərvər insanları “kəmsavad diletantlar, nadanlar” adlandırmaq, vaxtilə əsasən kəmsavad xalqlara liderlik etmiş bir şəxsə yaraşmırdı.

(Ardı var)

Seçilən
8
1
azertag.az

2Mənbələr