AZ

Onlayn sifariş edilən suşi nə qədər təhlükəsizdir? -Mütəxəssis danışdı

"Suşi tez xarab olmağa meyilli qida məhsulu olduğuna görə, xüsusilə də müxtəlif ərzaqlardan hazırlandığını nəzərə alaraq, onu alarkən mütləq mənşəyi bəlli olan, etibarlı və qida təhlükəsizliyi ilə sanitar-gigiyena normalarına ciddi şəkildə əməl edən məkanlara üstünlük verilməlidir. Tərkibində istifadə olunan balıq, dəniz yosunu, xüsusilə krem, pendir və mayonez kimi məhsullar daha tez xarab olur. Bu səbəbdən suşi hazırlandıqdan sonra qısa müddət ərzində istifadə edilməlidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirdi.

"Otaq temperaturunda, sərin hava şəraitində suşi maksimum 2 saata qədər saxlanıla bilər. Daha uzun müddət qorunacaqsa, hazırlandıqdan dərhal sonra soyuducuya yerləşdirilməli və 24 saatdan artıq saxlanılmamalıdır. Suşi alarkən onun qoxusuna diqqət yetirilməlidir. Qoxusu xoş, təzə balıq qoxusu olmalı, balıq parlaq və elastik görünməlidir. Əgər xoşagəlməz, xarab balıq qoxusu hiss edilirsə, balıq parlaqlığını itiribsə, dəniz yosunu həddindən artıq yumşaqdırsa, üzərində ləkələr varsa və ya qarışıq ərzaqlar bir-birinə çox qarışıb tərkibi seçilmirsə, bu, suşinin uzun müddət saxlanıldığını və keyfiyyətinin pozulduğunu göstərir", - deyə o, qeyd etdi. 

Mütəxəssis əlavə etdi ki, suşi qəbul edildikdən sonra bəzi insanlarda allergik reaksiyalar - qaşınma, qızartı və digər əlamətlər yarana bilər:

"Buna görə də istehlakdan əvvəl tərkibindəki məhsullara qarşı fərdi həssaslığın olub-olmadığı mütləq nəzərə alınmalıdır. Əgər suşi qəbul edildikdən sonra ürəkbulanma, qusma, qarın ağrısı, şişkinlik, başgicəllənmə və ya görmədə zəifləmə müşahidə olunarsa, bu zəhərlənmə əlaməti ola bilər və dərhal həkimə müraciət edilməlidir. Suşinin tərkibində çiy balıq istifadə edildikdə və balığın mənşəyi məlum olmadıqda, bakterial çirklənmə nəticəsində ciddi zəhərlənmələr baş verə bilər. Həmçinin köhnə və ya uzun müddət saxlanılmış ərzaqlardan hazırlanmış suşi ağır fəsadlara səbəb ola bilər. Digər risk amili isə onlayn sifarişlər zamanı daşınma və qablaşdırma prosesində temperatur rejiminə əməl olunmamasıdır ki, bu da məhsulun tez xarab olmasına gətirib çıxarır. Suşinin alındığı andan istifadə edilənədək 4°C temperaturda saxlanılmasına diqqət yetirilməlidir. Əks halda tərkibindəki mikroorqanizmlər sürətlə çoxala bilər ki, bu da qidanın keyfiyyətinin aşağı düşməsinə və zəhərlənmə riskinin artmasına səbəb olur".

Xədicə BAXIŞLI

Seçilən
31
1
redaktor.az

2Mənbələr