AZ

AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA-nın Rəyasət Heyətinin İctimai Elmlər Bölməsinin (İEB) və Gəncə Bölməsinin 2025-ci il üzrə illik hesabatlarının müzakirəsinə həsr olunmuş iclası keçirilib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, eləcə də AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdirləri, bölmənin üzvləri, bölmənin elmi müəssisələrinin direktorları, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, gənc alim və mütəxəssisləri və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli qeyd edib ki, ictimaiyyətə təqdim olunmuş elmimetrik göstəricilər, rəqəmsal təqdimatlar, sərgilər Azərbaycan elmində yüksək inkişaf dinamikasından xəbər verir. Akademik İsa Həbibbəyli vurğulayıb ki, Azərbaycan alimləri 2025-ci ildə də uğurla çalışıb, səmərəli fəaliyyət göstəriblər və AMEA-da, eləcə də kənar təşkilatlarda bir sıra mühüm nəticələr əldə olunub.

Akademik kadr hazırlığı məsələlərinə diqqətin artırılmasının zəruriliyinə toxunub. AMEA rəhbəri bildirib ki, bu istiqamətdə işləri gücləndirmək məqsədilə ötən il Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının bazasında dünya təcrübəsini əsas götürərək Gənclər Akademiyası təsis olunub. Həmçinin AMEA-nın "İlin gənc alimi" mükafatı təsis edilib, eləcə də impakt faktorlu jurnallarda məqaləsi işıq üzü görən alimlərə mükafatlar verilir.

İsa Həbibbəyli kadr hazırlığı və gənclərlə iş məsələlərinə diqqətin artırılması ilə bağlı elmi müəssisə və təşkilatların direktorlarına müvafiq tapşırıqlarını çatdırıb.

Sonra İctimai Elmlər Bölməsinin Elmi şurasının 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva təqdim edib.

Akademik qeyd edib ki, 2025-ci ildə İEB-in elmi müəssisələrində 32 problemə aid 87 mövzuya dair 491 tədqiqat işi aparılıb, 72 mövzu, 425 iş tamamlanıb.

Bölmənin elmi müəssisələrinin nəşr fəaliyyəti barədə məlumat verən akademik Gövhər Baxşəliyeva bildirib ki, 2025-ci ildə bölmə üzrə 1594 əsər nəşr olunub. Bunlardan 32-si kitab (2-si xaricdə), 66-sı monoqrafiya (16-sı xaricdə) 1078-i məqalə (309-u xaricdə), 389-u tezis (123-ü xaricdə), 5-i dərslik və 25-i dərs vəsaitidir. Bölmə üzrə 39 məqalə isə impakt faktorlu jurnalda dərc olunub, alimlərin əsərlərinə 2962 istinad edilib.

Akademik Gövhər Baxşəliyeva qeyd edib ki, arxeoloq alimlər tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınmış arxeoloji abidələrin pasportlaşdırılması, yeni aşkar edilmiş abidələrin isə qeydə alınması istiqamətdə fəaliyyət davam etdirilib. Mövcud siyahıdakı səhvlərin aradan qaldırılması, həmçinin tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyektlərin dövlət mühafizəsində olan abidələr siyahısına daxil edilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Azərbaycan Milli Elmlər Akademiyasının və digər əlaqədar qurumlardan ibarət İşçi Qrupu tərəfindən ölkə ərazisində müxtəlif obyektlərə baxış keçirilib və arayış hazırlanıb.

Bundan əlavə, "Böyük Qayıdışa dair I Dövlət Proqramı"ndan irəli gələrək, bölmənin institutlarında bir sıra işlər həyata keçirilib, kitablar çap olunub, 30-a yaxın elmi tədqiqat işləri yerinə yetirilib, işğaldan azad olunmuş ərazilərdə beynəlxalq ekspedisiyalar fəaliyyət göstərib. Eləcə də, işğaldan azad olunmuş ərazilərimizdə itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar tədbirlər çərçivəsində Zəngilanda, Füzulidə, Xocavənddə, Xocalıda, Ağdamda, Qubadlıda, Kəlbəcərdə, Ağdərədə və s. arxeoloji kəşfiyyat işləri aparılıb.

Qərbi Azərbaycanın ta­ri­xi­nin, mədəniy­yə­ti­nin öy­rə­nil­mə­si istiqamətində isə "Qərbi Azərbaycan: faktlar, sənədlər, reallıqlar", "Ermənistanın toponimik cinayətləri", "Azərbaycanlılarla ermənilər arasında keçirilən "Barışdırıcı qurultay" (Qafqaz Canişinliyi 20 fevral - 6 mart 1906-cı il)" kitabları çap olunmuş, eləcə də "Qərbi Azərbaycan atlası" üzrə "Azərbaycan Respublikası ərazisində yer adları ilə bağlı topoqrafik xəritələr" üzərində yenilənmə aparılmış və toplanmış materiallar əsasında Dərələyəz mahalının, Qərbi Zəngəzurun xəritəsi çəkilib. O cümlədən "İrəvan xanlığı bölgələrinin xəritələri" üzərində iş davam etdirilir.

Daha sonra çıxış edən akademik İsa Həbibbəyli Qarabağ və Şərqi Zəngəzurda aparılan arxeoloji qazıntılara toxunub, bölmə üzrə impakt faktorlu jurnalda ən yüksək göstəricinin Arxeologiya və Antropologiya İnstitutunda qeydə alındığını bildirib. Həmçinin qeyd edib ki, Tarix və Etnologiya İnstitutu Qərbi Azərbaycana dair, Fəlsəfə və Sosiologiya İnstitutu isə süni intellekt və rəqəmsal texnologiyalara dair aparılan tədqiqatlarda daha çox nailiyyət qazanıb. O cümlədən tarixi xəritələrin yenidən elmə qazandırılması istiqamətində Tarix və Etnologiya İnstitutu, eləcə də Şərqşünaslıq İnstitutunun böyük potensiala malik olduğunu, bu yöndə araşdırmaların sürətləndirilməsinin vacibliyini vurğulayıb. Bundan əlavə, Qafqaz Albaniyasına dair tədqiqatların Kəlbəcər ərazisində də planlaşdırıldığını söyləyib.

Akademik İsa Həbibbəyli AMEA-da İraq türkmanlarına dair araşdırmaların cari ildə də davam etdirildiyini, "İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)" nəşrinin çapının böyük uğur olduğunu bildirib. Xaraba Gilan şəhər yerində ötən il Əcəmi Naxçıvaninin müəllifi olduğu memarlıq abidəsinin tağının müəyyən edildiyini, bu yöndə tədqiqatların genişləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Seçilən
9
2
missiya.az

3Mənbələr