AZ

AzerOnline vətəndaşın şəxsi modemini icazəsiz götürüb?

Sosial şəbəkə istifadəçisi Allahşükür Hüseynov internet provayderi AzerOnline ilə bağlı şikayətini ictimailəşdirib. AzPost xəbər verir ki, onun sözlərinə görə, ailə üzvləri evdə olmadığı vaxt şirkət əməkdaşları mənzilə daxil olaraq şəxsi mülkiyyətə aid olan güclü modemi götürüb və yerinə daha zəif texniki göstəricilərə malik modem quraşdırıblar.

Vətəndaş iddia edir ki, həmin vaxt evdə yalnız yaşlı anası olub və ona köhnə modemin “toz basdığı üçün dəyişdirildiyi” bildirilib. Şikayətçi qeyd edir ki, dəyişdirilən modem onun şəxsi mülkiyyəti olub və bu addım heç bir razılıq olmadan atılıb.

Allahşükür Hüseynovun sözlərinə görə, məsələ ilə bağlı AzerOnline-ın rəsmi “Instagram” səhifəsinə dəfələrlə müraciət edib, lakin ciddi nəticə əldə olunmayıb. Daha sonra şirkət nümayəndəsi onunla əlaqə saxlayaraq modemlərin “rəhbərliyin göstərişi ilə” dəyişdirildiyini və bütün köhnə modemlərin yeni 5 GHz-lik modemlərlə əvəz olunduğunu bildirib.

Şikayətçi bu izahı qəbul etmədiyini deyir və bildirir ki, şirkət qərarına əsasən vətəndaşın şəxsi mülkiyyətinin alınması qanunsuzdur. Onun sözlərinə görə, şirkət əməkdaşı internetin keyfiyyətini artırmaq üçün əlavə olaraq 30–40 manatlıq ötürücü qurğu almağı da tövsiyə edib.

Vətəndaş hesab edir ki, bu problem birbaşa xidmət göstərən qurumun məsuliyyətidir və onun nəticələrini istehlakçı çəkməməlidir. O, yaşlı bir şəxsin bu şəkildə aldadılmasını yolverilməz adlandırıb.

Allahşükür Hüseynov məsələ ilə bağlı artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (MİNCOM)myGov platforması üzərindən rəsmi müraciət etdiyini bildirib. O qeyd edib ki, problem həll olunmasa, şikayətini daha geniş ictimaiyyətə çatdıracaq və məhkəməyə müraciət etməyə hazırdır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Seçilən
8
1
azpost.info

2Mənbələr