Aktrisa Mehriban Xanlarova teatrda bədii rəhbər və baş rejissor ştatlarının ləğvi ilə bağlı açıqlama verib.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, Mehriban Ələkbərzadənin bədii rəhbər kimi fəaliyyəti dövründə kollektiv daxilində ciddi problemlər yaşanıb.
Mehriban Xanlarova bildirib ki, özü və bir qrup tanınmış sənət adamı — xalq artisti Əli Nur, Əməkdar artist Münəvvər Əliyeva, Məsmə Aslanqızı və Məlahət Abbasova mətbuat vasitəsilə Mehriban Ələkbərzadənin özbaşınalıqları, hegemon davranışları və kollektivə qarşı işlətdiyi təhqiramiz ifadələr barədə dəfələrlə çıxış ediblər.
Aktrisanın iddiasına görə, məqsəd bu məsələlərin aidiyyəti qurumların, eləcə də ölkə rəhbərliyinin diqqətinə çatdırılması olub. Lakin bütün bu faktlar məlum olmasına baxmayaraq, Mehriban Ələkbərzadə uzun müddət vəzifəsindən azad edilməyib. Mehriban Xanlarova bunu onun arxasında nüfuzlu məmur rəfiqəsinin dayanması ilə əlaqələndirib.
O qeyd edib ki, yaranmış vəziyyətdən çıxış yolu kimi Mədəniyyət Nazirliyi radikal addım ataraq bədii rəhbər və baş rejissor ştatlarını ümumilikdə ləğv edib. Mehriban Xanlarovanın sözlərinə görə, həmin ştatların ləğvinin kökündə əsas səbəb məhz Mehriban Ələkbərzadənin fəaliyyəti dayanır.
Açıqlamada vurğulanıb ki, əgər Mehriban Ələkbərzadə öz istəyi ilə ərizə yazaraq vəzifəsindən getsəydi, digər əməkdaşlarının çörəyinə bais olmazdı.