Alimlər müəyyən ediblər ki, çia toxumu unu, çia yağı yüksək yağlı və yüksək şəkərli qidalanmanın beyin üzərində yaratdığı mənfi təsirləri qismən azalda bilər. Belə qidalanma tərzi iştahanın tənzimlənməsini pozur, sinir toxumasında iltihabi prosesləri gücləndirir.
Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Nutrition elmi jurnalında dərc olunub.
Doymuş yağ və fruktozla zəngin qidalanma adətən “Qərb pəhrizi” kimi xarakterizə olunur. Bu tip pəhriz piylənmə və II tip şəkərli diabetlə əlaqələndirilsə də, mövcud elmi sübutlar onun mərkəzi sinir sisteminə də mənfi təsir göstərdiyini ortaya qoyur. Artıq yağ və şəkər hormonların toxluq siqnallarını pozur, həddindən artıq qidalanmaya, iltihablanmaya və beyin toxumasında oksidləşdirici stresin artmasına səbəb olur.
Araşdırma Braziliyanın Viyosa Federal Universitetinin alimlər qrupu tərəfindən, Barbara Pereyra da Silvanın rəhbərliyi ilə aparılıb. Tədqiqatın əsas müəllifi Patrisiya Nayara Estevam olub. Eksperimentlər erkək Wistar siçanları üzərində həyata keçirilib.
İlk səkkiz həftə ərzində heyvanlara metabolik pozuntular yaratmaq məqsədilə donuz yağı və fruktozla zəngin pəhriz verilib. Daha sonra siçanların bir qismi əvvəlki pəhrizi davam etdirib, digər qruplara isə soya yağı əvəzinə çia yağı və ya çia toxumu unu əlavə olunub. Bundan sonra alimlər beyin toxuması nümunələrini təhlil ediblər.
Məlum olub ki, çia yağı iştahanın azalması ilə əlaqəli olan POMC və CART genlərinin aktivliyini artırır. Bu genlər toxluq siqnalı verən zülalların sintezində iştirak edir. Bu effekt çia toxumu unu ilə qidalanan heyvanlarda müşahidə olunmayıb. Bununla belə, hər iki məhsul aclıq hissini azaldan leptin hormonuna qarşı beynin həssaslığını artırıb və iştahanı stimullaşdıran neyropeptid Y-nin aktivliyini zəiflədib.
Eyni zamanda, həm çia toxumu unu, həm də çia yağı iltihabi proseslərin aktivləşməsində mühüm rol oynayan NF-κB zülal kompleksinin fəaliyyətini azaldıb. Çia toxumu unu əlavə olaraq hüceyrədaxili antioksidant müdafiənin əsas tənzimləyicilərindən biri olan Nrf2 geninin ifadəsini artırıb. Alimlər bu təsiri toxumların tərkibindəki fenolik birləşmələrlə əlaqələndirirlər.
Kompüter modelləşdirilməsi göstərib ki, rozmarin və kafein turşuları kimi maddələr iştahanın tənzimlənməsində iştirak edən reseptorlarla birbaşa əlaqə yarada bilir. Bu fakt eksperiment zamanı müşahidə edilən gen funksiyalarındakı dəyişiklikləri izah edə bilər.
Bununla belə, molekulyar səviyyədə müsbət dəyişikliklərə baxmayaraq, heyvanların bədən çəkisində azalma qeydə alınmayıb. Tədqiqat müəllifləri bunu pəhrizin son dərəcə yüksək kalorili olması ilə izah edirlər. Eyni zamanda vurğulanır ki, nəticələr yalnız heyvanlar üzərində aparılan təcrübələrə əsaslanır və onların insanlarda təsdiqlənməsi üçün klinik tədqiqatlara ehtiyac var.
Alimlərin qənaətinə görə, bu araşdırma funksional qidaların potensialını bir daha təsdiqləyir: qidalanmanın tərkibi təkcə maddələr mübadiləsinə deyil, eyni zamanda beyində gedən molekulyar proseslərə də ciddi təsir göstərir.
//Gülnarə Abasova, Editor.az