Brüssel Vaşinqtonun dəstəyini həlledici şərt sayır...
Avropa İttifaqına üzv ölkələr Ukraynaya hərbi kontingent göndərməyə yalnız ABŞ tərəfindən açıq və real dəstək zəmanətləri verildiyi halda hazırdır.
Poliqon xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiga “Avropa həqiqəti” nəşrinə verdiyi müsahibədə bildirib.
Nazirin sözlərinə görə, sözügedən razılaşmanın detalları hələ müzakirə mərhələsindədir. Bununla belə, Sibiga vurğulayıb ki, xarici hərbi kontingentin Ukraynada mövcudluğu gələcək təhlükəsizlik arxitekturasının formalaşdırılmasında, eləcə də ölkənin iqtisadi bərpasında mühüm rol oynayır. Onun fikrincə, bu amil Ukraynanın uzunmüddətli sabitliyi baxımından əsas elementlərdən biridir.
“Çünki gələcək investorlar üçün məhz Ukraynada Qərb qoşunlarının mövcudluğu investisiyaların təhlükəsizliyinə real zəmanət yaradır. Bu səbəbdən biz bu mövqeni bundan sonra da qətiyyətlə müdafiə edəcəyik və bu, bizim üçün prinsipial məsələdir”, deyə Andriy Sibiga qeyd edib.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı çərçivəsində Ukrayna ərazisinə qoşun göndərilməsini nəzərdə tutan və artıq imzalanmış bir razılaşmanın mövcud olduğunu iddia etmişdi. Orban, həmçinin Ukraynanın 2027-ci ilədək sürətləndirilmiş qaydada Aİ-yə üzv qəbul edilməsinə qarşı sərt mövqe sərgiləmiş və bu addımın Avropa üçün risklər daşıdığını bəyan etmişdi.
Poliqon.info