AZ

Qarşılıqlı etimada söykənən strateji tərəfdaşlıq

Azərbaycan-İsrail əlaqələri uğurla inkişaf edir

Beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və rolu olan Azərbaycanın dünyadakı mövqeyi və nüfuzu hər ötən gün daha da artır. Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil siyasət həyata keçirən Azərbaycan bu gün çoxqütblü dünyada güvənilir və etibarlı tərəfdaş ölkə olaraq qəbul edilir. Yerləşdiyi regionda formalaşdırdığı sülh və əməkdaşlıq mühiti ilə nümunə göstərən Cənubi Qafqazın lider dövləti bu gün qlobal barışın qurucuları ilə bir sırada dayanır, yeni və ədalətli dünya düzəninin qurulmasında yaxından iştirak edir, sülhə birbaşa töhfələr verir. Eyni zamanda ölkəmiz əksər dövlətlərlə sıx əməkdaşlıq əlaqələri qurması və bu münasibətlərin inkişaf etdirilməsi istiqamətində davamlı səyləri ilə seçilir. 

Tarixən xalqlarımız arasında dostluq bağlarının mövcudluğu isə Azərbaycan və İsrail dövlətləri arasında olan əlaqələri çox səmimi müstəviyə və etibarlı tərəfdaşlıq mövqeyinə yüksəldib. Ölkəmiz hər zaman İsraillə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına xüsusi önəm verib. 

Yüksək siyasi dialoq

Cari il yanvarın 21-də Davosda Prezident İlham Əliyevlə İsrail Dövlətinin Prezidenti İshaq Hersoq arasındakı görüş zamanı da Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulandı. İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi. Eyni zamanda Azərbaycan və İsrail prezidentləri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə etdilər.

Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olan İsrail 1993-cü ildə ölkəmizdə səfirliyini açıb və ötən müddətdə dövlətlərimiz arasında diplomatik əlaqələr uğurla inkişaf edib. Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə - 2023-cü ilin martında Azərbaycanın Təl-Əvivdə səfirliyini açması tarixi hadisə oldu və bu, dövlətlərimiz arasındakı yüksək siyasi dialoqdan xəbər verdi. Həmin il mayın 30-da İsrail Prezidenti İshaq Hersoqun ölkəmizə səfəri İsrail-Azərbaycan əlaqələrinin inkişafına və yaxın əməkdaşlıq üçün çox əlverişli imkanlar yaratmasına daha bir vəsilə oldu. 

"İsraillə Azərbaycan arasında tərəfdaşlıq Sizin qeyd etdiyiniz və bizim müzakirə etdiyimiz bir çox sahənin də təməl nöqtəsidir. Düşünürəm ki, bu, bir çox səviyyədə xalqlarımıza mesaj göndərir", - deyə həmin səfər zamanı Prezident İlham Əliyevin və İshaq Hersoqun geniş tərkibdə görüşü zamanı İsrail Prezidenti xüsusi qeyd etdi. İshaq Hersoq onu da bildirdi ki, bu, elə bir mesaj göndərir ki, yəhudilər və müsəlmanlar birlikdə sülhə doğru addımlasalar, birgə açıq dialoq aparsalar, birlikdə dünyanın xeyrinə çalışsalar, birlikdə möhtəşəm işlər görə bilərlər: "İkincisi, bu, strateji münasibətdir, çünki biz sülh, rifah və inkişaf istiqamətlərində bütün regiona öz təsirimizi göstəririk".

Min illər boyu ölkəmizdə sülh və dostluq şəraitində yaşayan yəhudilər və azərbaycanlılar hazırda da birgəyaşayışın misilsiz örnəyini nümayiş etdirirlər. Azərbaycanda yaşayan yəhudilər hər zaman cəmiyyətimizin fəal hissəsi olublar və Azərbaycanla bağlı bütün proseslərdə fəal iştirak ediblər. Ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri kimi, yəhudilər də Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparıblar, döyüşlərdə iştirak ediblər, hətta torpaqlarımız uğrunda canlarını belə fəda etməkdən çəkinməyiblər. Birinci Qarabağ müharibəsində yəhudi xalqının vətənpərvər oğlu tankçı Albert Aqarunov göstərdiyi igidliklərlə adını qəhrəmanlıq tariximizə həkk edib. Dövlətimiz tərəfindən cəsur Albertin xatirəsi əbədiləşdirilib: Bakıda adına küçə verilib, abidəsi ucaldılıb. 2020-ci il Vətən müharibəsində də Azərbaycanda yaşayan yəhudi xalqının nümayəndələri eyni vətənpərvərliyi nümayiş etdirdilər. Azərbaycan və İsrail dövlətləri arasındakı əlaqələrin inkişafında çox fəal rol oynayan Azərbaycanın yəhudi icması və əsasən Azərbaycandan olan yəhudilərdən ibarət İsraildəki Azərbaycan diasporu Vətən müharibəsi dövründə də ölkəmizin ədalətli mövqeyini müdafiə etdi, Azərbaycana dəstək mitinqləri keçirdi.

Hərtərəfli münasibətlərin uğurlu inkişafı

İsrail və Azərbaycan arasında yüksək etimada, dostluq və qardaşlığa dayanan əlaqələr münasibətlərimizi etibarlı tərəfdaşlıq səviyyəsinə yüksəldib. 

Yanvarın 26-da Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edib. Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə uğurlu inkişafı vurğulanıb, kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar, həmçinin süni intellekt sahələrində əməkdaşlıq məsələləri qeyd edilib, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığın dərinləşdirilməsi işinə verdiyi töhfəyə toxunulub.

Gideon Saar onu bu səfərdə böyük biznes və işgüzar dairələrin nümayəndələrinin müşayiət etdiyini deyərək, səfər çərçivəsində baş tutan Azərbaycan-İsrail biznes-forumunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. O, Azərbaycanda yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Yeri gəlmişkən vurğulayaq ki, yəhudi məktəbləri, mədəniyyət mərkəzləri olan ölkəmizdə yeddi sinaqoq var və onlardan beşi Bakı şəhərində yerləşir. Bu isə onun göstəricisidir ki, Azərbaycan dövləti digər konfessiyaların nümayəndələrinə olduğu kimi yəhudi icmasının nümayəndələrinə də öz dini ayinlərini və adət-ənənələrini sərbəst formada icra etmələri üçün hər cür şərait yaradıb.

Bütün bunlar Azərbaycan və İsrail arasında hərtərəfli əməkdaşlıq əlaqələrinin, eləcə də strateji dialoqun yüksək səviyyədə olduğunu göstərən nümunələrdir. Qarşılıqlı hörmət və etimada əsaslanan bu münasibətlər gələcəkdə də yeni layihələr və təşəbbüslərlə zənginləşəcək və regional sabitlik və inkişaf proseslərinə mühüm töhfələr verəcək. 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr