AZ

Yurda dönüş davam edir

Zəngilanın Məmmədbəyli kəndinin 756 sakini var

Dünən Zəngilan rayonunun Məmmədbəyli kəndi daha bir köç karvanını qarşılayaraq illərlə yurd həsrəti çəkmiş ailələrə qucaq açıb. Bu dəfə kəndə 20 ailə, ümumilikdə 103 nəfər köçürülüb. Beləliklə, ötən ildən etibarən yenidən məskunlaşdırılan Məmmədbəylidə yaşayanların sayı 756 nəfərə çatıb. Qarabağ və Şərqi Zəngəzur üzrə ümumi göstəricilərə nəzər saldıqda isə qürurla deyə bilərik ki, indiyədək 26119 keçmiş məcburi köçkünün doğma torpaqlarına qayıdışı təmin olunub.

Bu köç Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi ən genişmiqyaslı sosial layihələrdən biri olan "Böyük qayıdış" proqramının tərkib hissəsidir. Xüsusilə 2025-ci il bu prosesin sürətlənməsi və coğrafiyasının genişlənməsi baxımından yadda qalıb. İl ərzində yeni kəndlər və qəsəbələr sakinlərini qəbul edib, infrastruktur layihələri paralel şəkildə həyata keçirilib, insanların rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri şərait yaradılıb. Dövlətimizin məqsədi yalnız insanları köçürmək deyil, onları uzunmüddətli və dayanıqlı yaşayış mühitinə qaytarmaqdır.

Məmmədbəyli kəndi bu baxımdan müasir yanaşmanın bariz nümunəsi hesab olunur. Kəndin rəsmi açılışı ötən il oktyabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə gerçəkləşib. Bu, kəndin bərpasına və ümumilikdə regionun dirçəlişinə verilən siyasi və strateji önəmin göstəricisidir. Ümumi sahəsi 51,6 hektar olan yaşayış məntəqəsi müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə planlaşdırılıb.

Kənddə 188 fərdi yaşayış evi tikilib. Evlər müxtəlif ailə tərkibləri nəzərə alınaraq iki, üç, dörd və beş otaq olmaqla inşa edilib. Hər bir fərdi ev üçün həyətyanı sahə ayrılıb və bu ərazilər hasarlanıb. Bu, sakinlərin həm təhlükəsizliyini, həm də şəxsi məkan rahatlığını təmin edir. Evlər bütün mühəndis-kommunikasiya xətləri ilə tam təchiz olunub. Elektrik, qaz, su təminatı fasiləsizdir, yüksəksürətli internet şəbəkəsi kəndi əhatə edir. Alternativ enerji mənbələrindən istifadə də diqqət mərkəzində saxlanılıb, yaşayış evlərinin üzərində günəş panelləri quraşdırılıb.

Məmmədbəylidə yalnız evlər deyil, kəndin ümumi infrastrukturu da sıfırdan yaradılıb. Kənddaxili yollara asfalt örtüklər çəkilib, nəqliyyatın rahat hərəkəti üçün bütün zəruri işlər görülüb. İki çoxfunksiyalı qeyri-yaşayış binası inşa olunaraq ictimai və inzibati xidmətlərin göstərilməsi üçün istifadəyə verilib. Bu binalarda yerləşən qurumlar kənd əhalisinin gündəlik ehtiyaclarının yerində və operativ şəkildə qarşılanmasına imkan yaradır.

Kəndin memarlıq həlli yalnız funksionallıqla məhdudlaşmır. İnzibati binaların fasadlarında, keçid və istinad divarlarında işlənmiş bədii rəsmlər yaşayış məntəqəsinə estetik görkəm qazandırır. Bu detallar kəndin ümumi görünüşünü daha cəlbedici edir və ərazidə yeni həyatın təkcə praktik deyil, eyni zamanda mədəni-estetik əsaslar üzərində qurulduğunu nümayiş etdirir.

Məmmədbəyli kəndinin coğrafi mövqeyi də sosial-iqtisadi baxımdan səmərəli şəkildə dəyərləndirilib. Kənd Ağalı yaşayış məntəqəsinə yaxın məsafədə yerləşdiyindən bu iki kənd arasında xüsusi keçid yolu salınıb. Bu keçid sakinlərə Ağalı kəndində yerləşən təhsil, səhiyyə və xidmət obyektlərindən rahat istifadə imkanı yaradır. Belə ki, 360 şagird yerlik tam orta məktəb, 60 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi, məişət xidməti müəssisələri, aptek, bazar kompleksi və müxtəlif xidmət obyektləri artıq bir neçə kəndə eyni vaxtda xidmət edir. Bu model resurslardan daha effektiv istifadəni təmin etməklə yanaşı, regionun inteqrasiya olunmuş inkişafına şərait yaradır.

Qayıdış prosesinin əhəmiyyəti təkcə rəqəmlərlə ölçülmür. Uzun illər məcburi köçkünlük həyatı yaşamış insanlar üçün bu dönüş dərin sosial və mənəvi məna daşıyır. Onlar yalnız yeni tikilmiş evlərə deyil, uşaqlıqlarının keçdiyi küçələrə, ailə xatirələrinə, ata-baba torpaqlarına qayıdırlar. Bu qayıdış insanların illərlə içlərində yaşatdıqları ümidlərin gerçəkləşməsi deməkdir. Doğma yurda dönüş ailə institutunun möhkəmlənməsinə, icma həyatının bərpasına və cəmiyyətin sosial birliyinin güclənməsinə də mühüm töhfə verir.

Bu gün azad edilmiş ərazilər artıq münaqişənin acı xatirələri ilə deyil, quruculuq, inkişaf və gələcək perspektivləri ilə xatırlanır. Burada həyata keçirilən hər bir layihə - çəkilən yol, tikilən ev, salınan məktəb və ya xəstəxana - uzunmüddətli strateji baxışın tərkib hissəsidir. Məqsəd bu torpaqları ölkənin ümumi inkişaf modelinə inteqrasiya etmək, regionu iqtisadi, sosial və mədəni baxımdan cəlbedici məkana çevirməkdir. Məmmədbəyli kəndində görülən işlər göstərir ki, Böyük qayıdış, sadəcə, bir köç proqramı deyil, Azərbaycanın gələcək nəsillər üçün qurduğu dayanıqlı inkişaf konsepsiyasının uğurlu təzahürüdür.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Seçilən
52
azerbaijan-news.az

1Mənbələr