AZ

Rolları özü kimi gözəl olmayan aktrisamız Orxan Saffari yazır...

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Gecələr yatanmıram

İt oluram, qapanmıram

Özümə yer tapanmıram

Ona sənətkar deyiləndə”

…Azərbaycan incəsənətində elə qadınlar var, onların sənəti yox, məişəti mənə daha maraqlı olub.

Məsələn, istəyərdim ki, Amaliya Pənahovanın bükdüyü dolmanı yeyim. Ləzzətlə, yanında göy-göyərtisi, hətta imkan varsa, reyhan kompotu da olsun. Uşaq olsaydım, hələ istəyərdim, dolmanı üfürüb özü yedirtsin mənə. Belə mənzərə gözümdə canlananda xoşbəxt oluram.

Ancaq əlindən dolma yemək istəyim xanımların sənətini görəndə əsəbiləşirəm.

Əgər Amaliya xanım mənim nənəm olsaydı, qətiyyən pensiyasından da istəməzdim.

Hərdən düşünürdüm ki, çox da böyük performans göstərə bilməyən, ortababa bir qədər yaxın istedada malik bu xanım necə oldu ki, uğur qazandı?

Cavabı tapmaq çox da çətin olmadı. Onun gənclik illərinə, elə çəkildiyi filmlərə baxanda tapdım:

—Gözəllik!

Bəli, bu, hər nə qədər müsbət hal olsa da, sənət məsələlərində mənfi təsirləri olur. Gözəl olmaq eyib deyil. Ancaq necə deyərlər, hər gözəlin bir eybi var. Amaliya xanımın “eyibi” də istedadlı olmamağındadır.

Tamaşaçı belədir ki, bəzən bir simanı gözəlliyinə, yaraşığına görə qəbul edir, sevir. Kişi aktyorlar arasında da bu cür şəxslər az deyil.

Doğrudur, Amaliya Pənahovanın yadda qalan rolları var.  Ancaq dediyim kimi, bu rolları gözəl oynadığına görə yox, özü gözəl olduğuna görə qəbul etdirə bilib. Vəssalam. Daha ay belə oynayıb, ay elə oynayıb yox. Amaliya xanım özü heç bir rol oynamayıb, onun əvəzindən mələksimalığı oynaya bilib. Rejissorlar da onu gözəlliyinə görə çəkiblər. Yoxsa ki, kim istəyərdi filmində istedadsız aktrisa rol alsın?!

Amaliya Pənahovanın heç vaxt sənətkar duruşu, sözü də olmayıb. Hətta bir ara vaxt tapıb deputat da ola bilmişdi. Onun deputatlığı o qədər formal idi ki, heç çox adam bu barədə bilmir də. Bir çox savadsız qadın müğənnilər kimi onun da siyasət eşqi yaranmışdı. Ancaq adama deyərlər, oldun, hə, sonra? Neylədin Milli Məclisdə oturduğun o illərd? Kinonu yarıtdın, qalmışdı Milli Məclis? Bəlkə də, Amaliya xanım Zeynəb Xanlarovanın acığına deputat olub. Deyib, sən ola bilirsən, mən yox? Ümumiyyətlə, onun deputatlığı daha çox dekorasiya idi. Sanki parlamentdə yox, vitrində dayanmışdı. Lazım olanda göstərirdilər, sonra yenə yerinə qoyurdular.

Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru olmuş Amaliya Pənahovanın dövründəki fəaliyyət elə indiki bələdiyyələrimizin fəaliyyəti kimidir. Hər şey görüntü olaraq var, ortada da hessat yoxdur. Yəqin Amaliya xanım elə bilib ki, teatrın yox, elə bələdiyyə sədridir. Təsəvvür edin, o boyda teatrdan yadda qalan bir tamaşa da yoxdur.

“Gözəlliyim başıma bəla olub” deyimi Amaliya xanımın əyninədir. Gözəlliyi onu aktrisa edə bilib. Ancaq şair demiş, gedər bu gözəllik, sənə də qalmaz.

Amaliya Pənahova haqqında çox adamın dilindən eşitmişəm. Əksər sözlər bu cürdür “Gözəl qadındır”.

Diqqət edin, gözəl sənətkar yox, məhz gözəl qadın.

Yəni Amaliya Pənahova rola yaraşmayıb, sadəcə gözəl olduğu üçün rolu ona yaraşdırıblar.

Bəzi kişi aktyorlarımıza xas olan qışqırmaq ondan da yan keçməyib. Hətta Amaliya xanım daha çox, daha pis qışqırıb. Yəqin ki, qadın qışqırığının, civ-civinin adamın başına düşdüyü hər kəsə məlumdur.

Şübhəsiz, əgər hansısa kişi Amaliya xanımın gəncliyinin gözəl olmadığı deyirsə, mütləq şəkildə hormon testi versin. Yox, rolları haqqında danışırsa, deyirsə ki, rolları özü qədər gözəl deyil, onda testə filan ehtiyac yoxdur, düz deyir.

Amaliya Pənahova kimi fiqurlar sənətdə arxiv sənədi kimidir. Vaxtilə lazımlı olub, indi sadəcə adı mövcuddur. Heç kim açıb oxumur, amma atmağa da ürək eləmir. Çünki üzərində möhür var, tarix var, köhnəlik var.

Maraqlıdır, görəsən, indi hansı aktrisa özünü Amaliya xanıma oxşatmaq istəyir? Varmı onu özünə kumir seçən? Axı həm də bir insanın böyüklüyünü bu sübut edir. Necə ola bilər ki, ömrünü ver bir sənətə, öz aləmində nələrisə yarat, ancaq heç sənə oxşamaq istəyən olmasın?

Ona görə yoxdur ki, Amaliya xanım da özündən sonra məktəb yarada bilməyib.

Niyə kimsə ortababa bir qədər yaxın aktrisa olmaq istəsin?

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
icma.az

1Mənbələr