AZ

İranla bağlı proseslər dialoq mərhələsindən hərbi-siyasi müstəviyə keçib- ÖZƏL

Xamenei özü Rza Pəhləvi variantını irəli sürdü?!

İrana hərbi müdaxilə ehtimalı son dərəcə yüksəlib. ABŞ-ın hücumu əsas müzakirə mövzusu olsa da, mümkün əməliyyatın İsraillə birgə keçiriləcəyi bəllidir. Artıq İranın ali dini rəhbəri Xamenei ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib, hətta onun xarici ölkəyə köçürüldüyü də deyilir. 

İranla bağlı proseslər dialoq mərhələsindən hərbi-siyasi müstəviyə doğru daha da ciddiləşib.  Tehran prosesi nəzarətdə saxlamağa çalışaraq qonşu ölkələri də cəlb edir. Xarici amillər arasında əsas məsələlərdən biri region dövlətlərinin, xüsusilə Azərbaycanın mövqeyidir. İran və İsrail bu çərçivədə Azərbaycanla diplomatik-siyasi təmasları intensivləşdiriblər.

15 yanvarda İran XİN müavini Vahid Cəlalzadənin  Azərbaycana səfəri, Ceyhun Bayramov ilə, eləcə də Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşməsi, ardınca isə İsrail xarici işlər naziri Gideon Saarın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri, yüksək səviyyəli görüşlərin keçirilməsi, Azərbaycan prezidenti İlham Əliyevin onu qəbul etməsi və bu görüşlər iqtisadi əməkdaşlıq kimi də təqdim olunsa da, bütün bunların İran ətrafında mümkün hərbi ssenari ilə bağlı proseslərin müzakirəsi, Azərbaycanın prosesə mövqeyinin yoxlanması və mümkün təsir cəhdi şübhəsizdir.

Azərbaycan Respublikası bu proseslərdə birbaşa tərəf olmasa da, Cənubi Azərbaycan faktoru Azərbaycanı prosesin aktiv iştirakçısına çevirir. İranda sosial narazılıqların artması, mitinqlərin genişlənməsi və 30 mindən çox iştirakçının öldürülməsi (BBC, 2025), nüvə başlığı daşıya bilən raketlərin sınağı hərbi müdaxiləni zərurət kimi ortaya qoyur. ("Azad İran" TK: İran 10 min km mənzilli qitələrarası ballistik raketin (ICBM) ilk sınağını həyata keçirib). Bu kontekstdə İsrailin narahatlığı, eləcə də İranın regional təsir imkanlarının məhdudlaşdırılması planları açıq şəkildə hiss olunur. 

Lakin düşünürəm ki, İrana qarşı genişmiqyaslı quru hərbi əməliyyatları hələ də əsas ssenari deyil. Ancaq ali dini liderin, SEPAH və digər əsas rəhbərlərinin öldürülməsi və nəticə etibarı ilə hakimiyyət dəyişikliyini həyata keçirmək hədəfdir. Əlbəttə ki, Xamneyi könüllü hakimiyyətdən getməzsə. 

Son günlərdə Rusiyanın və Çinin İrana açıq siyasi və hərbi dəstəyi fonunda İran-Qərb qarşıdurması faktiki olaraq ABŞ ilə Rusiya və Çin arasında daha geniş geosiyasi qarşıdurma formasını alır. Bu isə mümkün hərbi müdaxilənin daha geniş coğrafiyaya yayılması riskini artırır. ABŞ-ın İrana qarşı yerüstü quru əməliyyatları arzuolunan olunmasa da, tam istisna olunmamalıdır, hətta digər ölkələrin də. 

Şübhə yoxdur ki, İranda hərbi müdaxiləni zərurətə çevirən əsas şərtlərdın biri İranda gedən ixtişaşların nəticə verməməsi və bu nəticəyə mənfi təsir göstərən Rza Pəhləvi monarxiyanın bərpası məsələsinin ortaya atılmasıdır, hansı ki, İranda daxili fikir ayrılığına səbəb oldu və İran əhalisinin əsas hissəsini təşkil edən Cənubi Azərbaycanın əhalisinin Pəhləvinin dönüşünə qəti etirazı ilə bu proses, yəni Xamenei hakimiyyətinin devrilməsi baş tutmadı. Cənubi Azərbaycanın mitinqlərə, çevrilişə ciddi qoşulmaması və prosesi zəiflətmək üçün elə Xamenei tərəfindən Rza Pəhləvi variantının ortaya atılması ehtimalı yüksəkdir. Əlbətdə ki, bu Xameneinin taktiki gedişi idi və müvəqqəti də olsa istəyinə nail ola bildi. Bir neçə həftə əvvəl ABŞ-da Cənubi Azərbaycanın nümayəndələri ilə görüş Rza Pəhləvinin hakimiyyətə gəlməsinə razılıq verilməməsi ilə nəticələnmişdi. 

Əlavə variantlardan biri kimi, İranda Azərbaycan sülaləsi olan Qacar hakimiyyətinin bərpası da təklif olunurdu. Ancaq, bu variantlar, yəni türk və yaxud fars mənşəli monarxiyanın bərpası İranda əhali arasında ciddi ikitirəlik yaradır. Üstəlik, İranın parçalanmaması Qərbin əsas istəyidir. Ölkədə digər siyasi liderin olmaması prezident Pezeşkianın əlində vahid hakimiyyətin cəmlənməsinə şərait yaradır. Sadalanan faktlar hazırda ən məqbul variant kimi ABŞ və İsrailin İran qarşıdurmasından çıxışı kimi görünür.

Vüqar Dadaşov
Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr