AZ

Sumqayıt Sənaye Parkı qeyri-neft sənayesinin yeni inkişaf mərhələsinə nümunədir » AzadMedia.az

Sumqayıt

Məşhur Məmmədov,
Milli Məclisin deputatı


Ölkədə qeyri-neft sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyur.
Prezident İlham Əliyevin yanvarın 27-də Sumqayıt Sənaye Parkına səfəri və burada bir sıra yeni istehsal müəssisələrinin açılışında, eləcə də təməlqoyma mərasimində iştirakı Azərbaycanın qeyri-neft sənayesinin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilməlidir. Dövlət başçısının iştirakı ilə “Azermirror” MMC-nin güzgü vərəqələrinin istehsalı zavodunun, “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılması, eyni zamanda “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlinin qoyulması ölkədə aparılan ardıcıl sənayeləşmə siyasətinin real nəticələrini nümayiş etdirir.
Bu layihələr bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya təkcə yeni müəssisələrin yaradılmasını deyil, eyni zamanda daxili bazarın qorunmasını, idxaldan asılılığın azaldılmasını, ixrac potensialının genişləndirilməsini və dayanıqlı məşğulluğun təmin edilməsini hədəfləyir. Sumqayıt Sənaye Parkı artıq bu strategiyanın əsas lokomotivlərindən birinə çevrilib.
“Azermirror” MMC-nin güzgü vərəqələrinin istehsalı zavodunun fəaliyyətə başlaması tikinti və məişət sektorunda yerli istehsalın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İllik 900 min kvadratmetr istehsal gücünə malik olan müəssisə daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da yaradır. Çin texnologiyası əsasında qurulan bu layihəyə dövlət tərəfindən güzəştli maliyyə mexanizmlərinin tətbiqi, vergi və gömrük azadolmaları yerli sahibkarlığın inkişafına verilən real dəstəyin göstəricisidir.
Eyni zamanda, “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin istifadəyə verilməsi ölkədə qablaşdırma sənayesinin formalaşması və dərinləşməsi baxımından strateji əhəmiyyət kəsb edir. Müəssisənin illik 55 milyon kvadratmetr istehsal gücü təkcə daxili bazarın ehtiyaclarını qarşılamaqla kifayətlənmir, həm də ixrac potensialını artırır. Xüsusilə ikinci mərhələdə yerli xammalın təkrar emalının nəzərdə tutulması ekoloji dayanıqlıq və resurslardan səmərəli istifadə baxımından mühüm addımdır.
Digər tərəfdən, “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlinin qoyulması sənaye parkında istehsal zəncirinin daha da genişləndirildiyini göstərir. Almaniya texnologiyasının tətbiq ediləcəyi bu müəssisə əsasən daxili bazarın tələbatını ödəməklə yanaşı, logistika, kənd təsərrüfatı və sənaye sektorları üçün vacib məhsulların yerli istehsalını təmin edəcək. Layihə çərçivəsində 140 yeni iş yerinin yaradılması regionda sosial rifahın yüksəldilməsinə birbaşa töhfə verəcək.
Ümumilikdə bu layihələr Sumqayıt Sənaye Parkının artıq sadəcə istehsal məkanı deyil, yüksək texnologiyaların, investisiyaların və ixrac yönümlü sənayenin cəmləşdiyi strateji iqtisadi platformaya çevrildiyini sübut edir. Burada dövlət-özəl sektor tərəfdaşlığı modeli uğurla tətbiq olunur, sahibkarlıq üçün əlverişli mühit formalaşdırılır və real sektorun inkişafı stimullaşdırılır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sənayesinin inkişafı istiqamətində həyata keçirilən bu siyasət Azərbaycanın iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsinə, regional və qlobal bazarlarda mövqelərinin güclənməsinə xidmət edir.
Aparılan islahatlar nəticəsində sənayenin müxtəlif sahələrində yerli istehsalın həcmi artmış, ixrac imkanları əhəmiyyətli dərəcədə genişlənmişdir. Xüsusi iqtisadi zonaların və sənaye parklarının yaradılması sahibkarlığın təşviqinə və yeni iş yerlərinin açılmasına şərait yaradıb. Dövlət dəstəyi mexanizmləri innovativ texnologiyaların tətbiqini sürətləndirərək rəqabətqabiliyyətli məhsulların istehsalını mümkün edib. Qeyri-neft sektorunda əldə olunan uğurlar ölkənin xarici bazarlardakı mövqelərini möhkəmləndirib. Bu siyasət eyni zamanda regionların sosial-iqtisadi inkişafına təkan verərək balanslı və inklüziv iqtisadi modelin formalaşmasına yol açır.
Sumqayıt Sənaye Parkında reallaşdırılan layihələr isə bu strateji kursun artıq konkret nəticələr verdiyini aydın şəkildə ortaya qoyur.

Seçilən
11
2
azadmedia.az

3Mənbələr