AZ

Azərbaycanda gənc həkimlərin sayı açıqlanıb: 16 min həkimdən 6 mini gəncdir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Şamaxı, 28 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC

Şamaxıda 2 Fevral – Gənclər Günü münasibətilə Gənc Tibb İşçilərinin Konfransı keçirilib. Tədbir Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının birgə təşəbbüsü ilə baş tutub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova, Milli Məclisin deputatı Tamam Cəfərova, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Natiq Əliyev, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, eləcə də Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarından yüzə yaxın gənc tibb işçisi iştirak edib.

Konfransda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov gənc tibb işçilərinin ölkənin səhiyyə sistemində mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, regionlarda səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi gənc və peşəkar kadrların fəaliyyəti ilə birbaşa bağlıdır və dövlət bu istiqamətdə davamlı dəstək göstərir.

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova çıxışında gənc tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların peşəkar inkişaf imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. O, bu cür konfransların gənc mütəxəssislərin motivasiyasının artırılmasına və səhiyyə sahəsində davamlı inkişafa mühüm töhfə verdiyini qeyd edib.

Milli Məclisin deputatı Tamam Cəfərova gənclərin, xüsusilə də gənc tibb işçilərinin dövlət siyasətində xüsusi yer tutduğunu bildirib. Deputat regionlarda səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasında gənc mütəxəssislərin rolunun əhəmiyyətini vurğulayıb.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova çıxışında səhiyyə sahəsində aparılan islahatlardan danışıb. Bildirib ki, ölkə üzrə fəaliyyət göstərən 16 mindən çox həkimin təxminən 6 minini gənclər təşkil edir. Bundan əlavə, hazırda 200-ə yaxın tibb elmləri üzrə elmi dərəcə sahibi həkimin mövcud olduğunu və onların təxminən 10 faizinin gənclərdən ibarət olduğunu qeyd edib. Bu göstəricilər gənc həkimlərin həm praktik, həm də elmi potensialının artdığını nümayiş etdirir.

Tədbirdə, həmçinin Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov regionlarda çalışan gənc tibb işçilərinin fəaliyyəti, sosial rifahı və inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, gənc tibb işçilərinin peşəkar inkişafı səhiyyə sisteminin dayanıqlı inkişafının əsas şərtlərindən biridir. Onun sözlərinə görə, bu regional konfrans dövlətin səhiyyə və gənclər siyasətinə göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir. Direktor qeyd edib ki, konfrans çərçivəsində təşkil olunan panellər gənc tibb işçilərinin karyera inkişafı, səhiyyə sistemi və hüquqi məsələlər üzrə məlumatlılığının artırılmasına xidmət edir.

Konfrans panel müzakirələrlə davam edib. İlk panel “Səhiyyə gəncləri üçün peşəkar çağırışlar” mövzusuna həsr olunub. Paneldə gənc tibb işçilərinin qarşılaşdıqları peşəkar çətinliklər və müasir səhiyyə sisteminin tələbləri müzakirə edilib.

Növbəti panel isə “Gənclərin regionlarda inkişaf yolu” mövzusunda təşkil olunub. Panel çərçivəsində regionlarda çalışan gənc tibb işçilərinin karyera perspektivləri, motivasiya və sosial rifah məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Çıxışlarda konfransın əsas məqsədinin səhiyyə sahəsində yeniliklərin müzakirəsi, gənc tibb kadrlarının bilik və bacarıqlarının artırılması, regionlarda səhiyyə sisteminin mövcud vəziyyətinin dəyərləndirilməsi və insan resurslarının gücləndirilməsi olduğu bildirilib. Qeyd olunub ki, bu cür tədbirlər gənc mütəxəssislərin sistemə daha effektiv inteqrasiyasına və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
azertag.az

1Mənbələr