AZ

Təşkilat sədri: 907-ci düzəlişin dondurulması ABŞ-Azərbaycan münasibətlərindəki inam və etimadın göstəricisidir

Bakı, 28 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin səyi və uzaqgörən siyasəti nəticəsində 907-ci düzəlişin dondurulması təmin olunub. Həmin düzəliş Azərbaycanı Amerika Birləşmiş Ştatlarından (ABŞ) birbaşa maliyyə yardımı və silah almaq imkanından məhrum edirdi. Azərbaycan Prezidentinin göstərdiyi səy nəticəsində 907-ci düzəlişin ədalətsizliyi, ləğvinin zəruriliyi və onun iki dövlət arasındakı münasibətlərin inkişafına ziyan vurması ABŞ ictimaiyyəti tərəfindən daha aydın dərk edilməkdədir. Lakin Azərbaycanın məqsədi həmin düzəlişi birdəfəlik ləğv etməkdən ibarətdir və bu, ABŞ konqresinin verəcəyi qərardan asılı olacaq. Bu məsələdə Tramp administrasiyasının öz imkanlarından istifadə edərək, konqresə təsir göstərməsi olduqca vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov deyib.

Polkovnik qeyd edib ki, 907-ci düzəlişin dondurulması ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın sağlam təməllər üzərində inkişafı baxımından mühüm rol oynayır: “Heç kimə sirr deyil ki, son vaxtlar ABŞ-Azərbaycan münasibətləri həm forma, həm də mahiyyət etibarilə yeni mərhələyə qədəm qoyub. Proseslərin gedişatı sübut edir ki, Azərbaycan Prezidenti Vətən müharibəsində olduğu kimi Ağ Evlə münasibətlərdə də tarix yazmağı bacarıb. ABŞ Prezidenti Donald Tramp açıq şəkildə Prezident İlham Əliyevə inam və etimadını ifadə edir, Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini göstərir. 907-ci düzəlişin birdəfəlik ləğvi həmin əməkdaşlığın daha da inkişafına, yeni mərhələyə qədəm qoymasına səbəb olacaq. Şübhəsiz ki, bu, həm ABŞ-ın, həm də Azərbaycanın maraqlarına uyğundur”.

Seçilən
48
1
azertag.az

2Mənbələr