Uşaqların şəxsi və ailə həyatına müdaxilə etmək qadağan ediləcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Uşaq hüquqları haqqında" yeni qanun layihəsində əks olunub.
Sənədə əsasən, hər bir uşağın şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ olacaq. Qanunla nəzərdə tutulan hallardan başqa uşağın şəxsi və ailə həyatına müdaxilə etmək qadağan ediləcək. Hər bir uşağın şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ olacaq.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla uşaq izlənilə bilməyəcək, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməyəcək.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla dövlət uşaqların yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatlarının sirrini saxlamaq hüququna təminat verir.
Uşaqlara aid fərdi məlumatların dairəsi, habelə onların toplanması, emalı, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən ediləcək.
Uşağın tutulmasına, həbs edilməsinə və ya azadlıqdan məhrum edilməsinə yalnız İnzibati Xətalar, Cinayət və Cinayət-Prosessual məcəllələrində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilir. Uşaq tutulduqda və ya həbs edildikdə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə, habelə ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya dərhal məlumat verilməlidir.
Cinayət-Prosessual Məcəlləsinə də dəyişikliklər edilir...
Bundan əlavə, Cinayət prosesinin iştirakçısı olan uşaqların fərdi məlumatlarının açıqlanmasına həmin şəxslərin və onların qanuni nümayəndələrinin yazılı razılığı ilə yol veriləcək.
Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların açıqlanmasına yalnız həmin şəxslərin və onların qanuni nümayəndələrinin yazılı razılığı ilə yol veriləcək.
Həmçinin, “Media haqqında” Qanununa təklif olunan dəyişikliyə görə, media subyekti və jurnalist tərəfindən yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin yazılı razılığı olmadan yayılmasına yol verilməyəcək.
Eyni zamanda Cinsi istismara məruz qalmış uşaqlara aid videogörüntü, fotoların yayılmaması təmin ediləcək.
Layihəyə əsasən, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa aid istintaq materiallarının (o cümlədən ekspertiza rəyi, videogörüntü, fotoşəkil) yayılmaması təmin ediləcək.
Günay Şahmar, Bizim.Media