AZ

KARGU PUA sürüsü real döyüş sursatı ilə hədəfləri uğurla vurdu

STM şirkəti tərəfindən hazırlanmış sürü PUA texnologiyası çərçivəsində 20 ədəd KARGU pilotsuz uçuş aparatı ilə sınaq keçirilib.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, Ankaranın Polatlı bölgəsindəki General Nahit Şenoğul Atış və Təlim Poliqonunda icra olunmuş sınaq zamanı hədəflər real döyüş sursatı ilə dəqiq şəkildə məhv edilib.

Bu, Türkiyədə sürü qabiliyyətinin real döyüş sursatı ilə əməliyyat ssenarisi əsasında sınaqdan keçirildiyi ilk fəaliyyət kimi tarixə düşüb. Beləliklə, STM sürü PUA texnologiyaları sahəsində tarixi bir uğura imza atmış olub.

Keçirilən sınaqda tamamilə milli alqoritmlərlə hazırlanmış, paylanmış arxitekturaya malik sürü zəka sistemi sayəsində tək bir operatorun nəzarəti altında fəaliyyət göstərən KARGU sürüsü, qalxışdan sonra tapşırıq zonasına tam avtonom şəkildə yönləndirilib. Tapşırıq zonasına çatan KARGU sürüsü üç fərqli hədəf üçün avtonom şəkildə alt sürülərə bölünüb və operatorun tək bir əmri ilə eyni vaxtda hücum həyata keçirib. Piyada əleyhinə döyüş başlığı ilə təchiz edilmiş KARGU-lar, real sursatın istifadə olunduğu sınaqda paylanmış arxitektura sayəsində öz aralarında əlaqə saxlayaraq yüksək dəqiqlik, eyni vaxtlı kilidlənmə və əməliyyat etibarlılığı qabiliyyətlərini real şəraitdə uğurla nümayiş etdirib.

Təlim poliqonunda keçirilən sınağı Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, Quru Qoşunları Təlim və Doktrina komandanı general-leytenant Gültekin Yaralı, 4-cü Ordu Korpusu komandanı və Ankara Qarnizon komandanı general-leytenant Ahmet Kurumahmut başda olmaqla yüksək səviyyəli hərbi heyətlər yerində izləyib. STM-in sürü PUA hücum qabiliyyəti komandanlıq heyəti tərəfindən yüksək qiymətləndirilib.

Əldə edilən uğurun təkcə texniki deyil, eyni zamanda strateji əhəmiyyət daşıdığını vurğulayan STM-in baş direktoru Özgür Güleryüz bildirib ki, sürü PUA texnologiyaları müasir döyüş meydanının ən kritik oyun dəyişdirən elementlərindən birinə çevrilib.

“STM olaraq, tamamilə milli proqram təminatı və alqoritmlərlə inkişaf etdirdiyimiz sürü zəka arxitekturamızı bu gün real döyüş sursatının istifadə olunduğu sınaqla praktiki şəraitdə uğurla sübut etməyin qürurunu yaşayırıq. Sürü zəka sistemi ilə təchiz edilmiş KARGU-ların koordinasiyalı şəkildə real sursatla hədəfləri tam dəqiqliklə vurması Türkiyənin avtonom sistemlər, süni intellekt və sürü konsepsiyası sahəsində gəldiyi səviyyəni açıq şəkildə ortaya qoyur. Bu qabiliyyət təkcə bugünkü əməliyyat ehtiyaclarına deyil, həm də gələcəyin döyüş konsepsiyalarına istiqamət verəcək strateji bir mərhələni təmsil edir. STM mühəndisliyinin imzasını daşıyan bu uğurla ölkəmizi sürü zəka sahəsində dünyada sayılı ölkələr sırasına çıxarmaq əzmimizi bir daha nümayiş etdirmiş olduq”, – deyə baş direktor qeyd edib.

Beləliklə, real döyüş sursatı ilə icra edilən bu uğurlu sürü PUA hücum sınağı Türkiyə üçün bir ilk olmaqla yanaşı, dünyanın yalnız məhdud sayda ölkəsinin malik olduğu qabaqcıl sürü əməliyyat qabiliyyətləri arasında yer aldığını da göstərib.

STM-in sahib olduğu unikal alqoritm və proqram təminatları sayəsində STM sürü sisteminə daxil olan taktiki PUA-lar real vaxt rejimində bir-biri ilə əlaqə saxlayır, hədəf aşkarlanması, paylaşılması və prioritetləşdirilməsi həyata keçirərək sürü hücumu icra edə bilir.

STM-in sürü zəka arxitekturası mərkəzi idarəetmə vahidindən asılı olmadan hər bir PUA-nın tapşırıq qərarlarını müstəqil şəkildə qəbul etməsinə imkan yaradır. Bu paylanmış idarəetmə arxitekturası sistemin bir hissəsi sıradan çıxsa belə sürünün tapşırığı davam etdirməsini təmin edir və ümumi missiya uğurunu artırır. Sürü sistemləri saturasiya hücumu konsepsiyası çərçivəsində eyni vaxtda çoxsaylı PUA-nın koordinasiyalı şəkildə hədəf bölgəsinə hərəkət etməsini təmin edərək düşmən hava hücumundan müdafiə sistemlərinin doydurulmasını və sıradan çıxarılmasını hədəfləyir. STM alqoritmləri sayəsində sürü daxilindəki PUA-lar daşıdıqları sursat növünə uyğun hədəflərlə kilidlənmə həyata keçirir. Məsələn, insan və ya nəqliyyat vasitəsi hədəflərini ayırd edə bilən, piyada əleyhinə və ya zireh dələn döyüş başlığı daşıyan PUA-lar hədəf növünə uyğun olaraq avtonom şəkildə hücum edə bilir. İnkişaf etdirilən sistemlərdə sürüyə real vaxt rejimində yeni PUA-lar əlavə edilə və ya çıxarıla, tapşırıqlar yenilənə, tapşırıq zonası daxilində sürü bölünərək fərqli alt missiyalar icra oluna bilir.

Xüsusiyyətlər:

Sürü Zəkası Alqoritmləri

Saturasiya Hücumu Konsepsiyası

Paylanmış İdarəetmə Arxitekturası

PUA-lar Arasında Rabitə İnfrastrukturu

Avtonom Formasiya Yaradılması və Saxlanılması

Toqquşmanın Qarşısının Alınması Sistemi

Real Vaxt Rejimində Hədəf Aşkarlanması və Təsnifatı

Sürü Daxili Tapşırıq Paylaşımı

Hədəf Prioritetləşdirilməsi və Tapşırıq Təyinatı

CRPA Dəstəklı Anti-jam Naviqasiya

KERKES İnteqrasiyası ilə GNSS-dən Asılı Olmayan Naviqasiya

Sürünün Bölünməsi və Yenidən Birləşməsi

Real Vaxtda Sürüya Qoşulma və Sürüdən Ayrılma

1769500048 1769500051 1769500051

Seçilən
4
poliqon.az

1Mənbələr